Prezident Seçilərsə, Maliyyə Yardımını Dayandıracaq

Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, rəsmi Parisin Ukraynaya göstərdiyi maliyyə yardımını dayandırmağı planlaşdırdığını təsdiqləyib.
ELAZ.INFO xəbər verir ki, o, bu bəyanatı bazar ertəsi Parisdə Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko ilə görüşündən sonra verib. Marin Le Penin sözlərinə görə, Fransanın dövlət maliyyəsinin mövcud vəziyyəti Kiyevə əlavə maliyyə dəstəyi göstərməyə imkan vermir və o, buna görə təəssüf hissi keçirir. Bununla belə, siyasətçi Fransa tərəfindən verilmiş bəzi mövcud öhdəliklərin qorunacağını qeyd edib. “Milli Birlik” partiyasının yaydığı bəyanatda bildirilir ki, rəsmi Paris birbaşa maliyyə yardımını davam etdirə bilməsə də, Avropa İttifaqının Ukraynaya ayırdığı 90 milyard avroluq dəstək krediti çərçivəsindəki öhdəliklərini yerinə yetirəcək. Həmçinin maddi ianələr, humanitar yardım və daha fəal diplomatiya xətti davam etdiriləcək.
Ukrayna səfiri Vadim Omelçenko ilə görüşünü “səmimi” adlandıran Le Pen, bunun Ukraynaya sarsılmaz dəstəyini bir daha ifadə etmək üçün fürsət olduğunu deyib. O, sülhə nail olmağın çətin hədəf olmasına baxmayaraq, hər kəs üçün prioritet qalmalı olduğunu vurğulayıb. Görüş zamanı Le Pen səfirdən Ukrayna Prezidenti Volodimir Zelenskiyə onunla “Parisdə və ya Brüsseldə” görüşməyə hazır olduğunu çatdırmağı xahiş edib. Lakin Zelenskinin dəvətinə baxmayaraq, onun Kiyevə səfər edib-etməyəcəyi barədə heç bir məlumat verilməyib.
Digər tərəfdən, Le Penin rəqibləri müharibənin tez bir zamanda bitirilməsi çağırışlarının Ukraynanı əlverişsiz şərtləri qəbul etməyə məcbur edə biləcəyindən narahatdırlar. Fransa Prezidenti Emmanuel Makron həftəsonu sosial şəbəkə hesabında Le Penin mövqeyini tənqid edərək yazıb: “Əgər Rusiya zorakılıq yolu ilə bir Avropa xalqına öz iradəsini qəbul etdirərsə, bütün Avropa zəifləyəcək. Açıq danışaq: Ukraynanın resurslarını məhdudlaşdırmağa çalışanlar əslində ədalətsiz sülhə təkan verirlər — bu isə Ukraynanı və nəticə etibarilə Avropanı daimi olaraq müdafiəsiz vəziyyətdə qoyar.” “Elabe” sorğu mərkəzinin 14 noyabrda dərc etdiyi məlumata əsasən, Marin Le Pen 2027-ci il Fransa prezident seçkiləri öncəsi təxminən 32 faiz səslə ictimai rəy sorğularında öndə gedir. Onun əsas rəqiblərindən olan solçu “Əyilməz Fransa” partiyasının lideri Jan-Lük Melanşon isə təxminən 17 faiz səslə geridə qalır.
Qeyd edək ki, Marin Le Pen keçmişdə Rusiya ilə əlaqələrinə, o cümlədən 2017-ci ildə Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşünə və partiyasının Rusiya bankından götürdüyü (2023-cü ildə tam ödənilmiş) kreditə görə dəfələrlə tənqid hədəfinə çevrilib.
Ruslan MƏMMƏDOV 🖋️




