Neft yenidən bahalaşdı: Hörmüzdəki risklər bazarı silkələyir


ELAZ.İNFO xəbər verir ki, dünya neft bazarında qiymətlər yenidən 100 dollar həddinin üzərinə qalxıb. Bazar iştirakçıları Yaxın Şərqdə gərginliyin enerji daşımalarına təsirindən narahatdır və xüsusilə Hörmüz boğazında yaranan risklər diqqət mərkəzindədir.
Reuters-in məlumatına görə, Brent markalı neftin qiyməti oktyabrın 8-də 2 dollardan çox artaraq 102 dollardan yuxarı qalxıb. ABŞ-nin WTI markalı nefti də bahalaşaraq 90 dollara yaxınlaşıb. Qiymət artımının əsas səbəblərindən biri regionda neft tankerlərinə hücumların intensivləşməsi və daşımaların təhlükəsizliyi ilə bağlı narahatlıqlardır.
Hörmüz boğazının əhəmiyyəti isə yalnız region ölkələri ilə məhdudlaşmır. Dünyadakı neft daşımalarının təxminən beşdə birinin bu marşrutdan keçməsi səbəbindən burada yaranan hər hansı ciddi problem qlobal bazara birbaşa təsir göstərə bilər. Sığorta və tanker xərclərinin yüksəlməsi də neftin son qiymətinə əlavə təzyiq yaradır.
Üstəlik, ABŞ-ın Meksika körfəzindəki enerji hasilatında fasilələr yaşanması bazardakı təklif narahatlığını artırıb. Beləliklə, neft qiymətlərindəki yüksəliş artıq təkcə Yaxın Şərqdəki hərbi vəziyyətlə deyil, bir neçə istiqamətdə yaranan təchizat riskləri ilə bağlıdır.
İlahə BAYINDIR





