Müəllimlik simvolu -İslam Vəliyev

ELAZ.İNFO xəbər verir ki, dörd gün əvvəl xalqımızın tanınmış ziyalılarından biri, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti, tələbələrin sevimlisi, müəllimlik simvolu hesab edilən səmimi və nəcib insan, Əməkdar müəllim İslam Vəliyevin ad günü idi.

İslam Dini oğlu Vəliyev 1937-ci il aprelin10-da Lənkəran rayonunda anadan olmuşdur. 1944-1951-ci illərdə Lənkəran rayonunun Veravul kəndindəki yeddiillik məktəbdə, 1952-1955-ci illərdə isə Lənkəran Pedaqoji Texnikumunda təhsil almışdır. Texnikumu bitirdikdən sonra bütün həyatını müəllimlik peşəsinə bağlayan İslam Vəliyev 1955-1958-ci illərdə Lerik rayonu Şingədulan və Züvüç kənd orta məktəblərində çalışmışdır. Peşəsinə olan sonsuz sevgi onu 1958-ci ildə Bakı Dövlət Universitetinə gətirir. Müəllimliyin sirlərini öz dövrünün böyük ustadlarından öyrənən İslam Vəliyev 1963-cü ildə Universitetin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir. Bir müddət (1967-1974) AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda çalışan İslam müəllim 1974-cü ildən Bakı Dövlət Universitetində işləyir.

1963-1967-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspirantı olmuş İslam Vəliyev 1969-cu ildə “XIII-XIX əsrlər Azərbaycan yazılı abidələrinin dilində feilin keçmiş zaman formaları” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edir. Elmi-pedaqoji fəaliyyəti BDU-nun Türkologiya kafedrası ilə bağlı olan bu nəcib insan 1982-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışır.

Bununla yanaşı, İslam müəllim 1990-1996-cı illərdə BDU-nun Filologiya fakültəsində axşam və qiyabi şöbələri üzrə dekan müavini, 1996-1999-cu illərdə isə BDU-nun qiyabi və axşam prorektorluğunda qiyabi və axşam təhsili şöbəsinin müdiri vəzifələrində işləmiş, 2006-2018-ci illərdə BDU-da fəaliyyət göstərən D.02.181 Dissertasiya Şurasının nəzdində Elmi seminarın üzvü olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, elə həmin il “Qafqaz Media” İctimai Birliyi tərəfindən dövlətə və dövlətçiliyə sədaqətinə görə “Heydər Əliyev Zirvəsi” diplomu ilə təltif edilmişdir.

Ləyaqətli alim, tələbələrin sevimli müəllimi, nəcib ziyalı olan İslam müəllimi ad günü münasibətilə təbrik edirik!

Fikrət ŞİRİYEV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights