Bərabərlik, Milli Dəyərlər Və Hüquqi Balans


Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyim qaydalarının tənzimlənməsi, təhsilin dünyəvilik prinsipi, milli-mənəvi dəyərlər və uşaq hüquqları balansına dair geniş və əhatəli analitik açıqlama ilə çıxış edib.
ELAZ.İNFO xəbər verir ki, parlamentari geyim qaydalarına yalnız xarici görünüş çərçivəsində yanaşmağın doğru olmadığını, bu məsələnin məktəb mühiti, nizam-intizam, sosial bərabərlik və milli kimliklə birbaşa bağlı olduğunu vurğulayıb. Razi Nurullayev şagirdlər və müəllimlər üçün vahid geyim tələblərinin müəyyənləşdirilməsinin sosial və pedaqoji əsaslarını şərh edib:
“Vahid məktəbli formasının əsas üstünlüklərindən biri uşaqlar arasında sosial fərqlərin geyim üzərindən qabardılmasının qarşısını almasıdır. Ailələrin maddi imkanları eyni deyil. Məktəbdə hamının eyni forma geyinməsi belə fərqlərin gündəlik münasibətlərə təsirini azaldır. Uşaqların bir-birini geyiminə görə deyil, biliyinə, davranışına və şəxsi keyfiyyətlərinə görə qiymətləndirməsi daha sağlam mühit yaradır”.
Müəllimlərin geyiminə dair Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli qərarına toxunan deputat bildirib ki, burada əsas məqsəd təmiz, səliqəli, sadə və işgüzar üslubun qorunmasıdır:
“Müəllim şagird üçün yalnız dərs deyən insan deyil. O, həm də davranışı, ünsiyyəti və şəxsi nümunəsi ilə uşaqlara təsir göstərir. Şagirdlərdən məktəb qaydalarına hörmət tələb edilirsə, müəllimlərin də ümumi işgüzar prinsiplərə əməl etməsi təbii qarşılanmalıdır”.
Millilik Və Dünyəvilik Bir-Birinə Qarşı Qoyulmamalıdır milli məclisin deoutatı “Ümumi təhsil haqqında” Qanundakı əsas prinsiplərə və Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarına diqqət çəkib:
“Mənim üçün millilik və dünyəvilik anlayışlarını bir-birinə qarşı qoymaq doğru deyil. Milli-mənəvi dəyərlərimizin qorunması dünyəvi təhsil sisteminə zidd deyil. Müəyyən edilmiş formanın vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən geyim elementlərinin istifadəsinə yol verilmir. Lakin milli tariximizə və mədəniyyətimizə həsr olunan tədbirlərdə pedaqoji şuranın qərarı ilə milli geyimlərdən istifadə mümkündür. Bu detal göstərir ki, vahid forma tələbi milli ənənələrin kənara qoyulması demək deyil”.
Dini Məsələlər Və Uşaq Hüquqlarının Qorunması Deputat dünyəviliyin dinə qarşı çıxmaq olmadığını, məktəbin bütün uşaqlar üçün ortaq bərabərlik məkanı təşkil etdiyini bildirərək, “Uşaq hüquqları haqqında” Qanunun 19.2-ci maddəsinə istinad edib:
“Həmin maddə valideynlərin övladlarını öz dini əqidələrinə uyğun tərbiyə etmək hüququnu tanısa da, uşaqların dinə etiqad etməyə məcbur edilməsini də qadağan edir. Həssas məqam valideynin hüququ ilə uşağın şəxsi inkişafı və seçim imkanları arasında tarazlığın qorunmasıdır. Uşaqların hər hansı dini və ya ideoloji baxışa məcbur edilməməsi, sual vermək, düşünmək və öz fikrini formalaşdırmaq imkanlarının qorunması vacibdir. Bu, dini etiqad azadlığına qarşı deyil, uşağın şəxsiyyət kimi inkişafına verilən dəyərdir”.
Məsələnin süni şəkildə dini qarşıdurmaya çevrilməsinin yolverilməzliyini qeyd edən Razi Nurullayev vurğulayıb ki, qaydaların mahiyyəti insanlara aydın izah edilməli, valideynlərlə məktəb arasında sağlam dialoq qurulmalıdır:
“Məktəbdə intizam yalnız geyimlə təmin olunmur. Müəllimin peşəkarlığı, şagirdin dərsə münasibəti, qarşılıqlı hörmət və tədrisin keyfiyyəti məktəb mühitinin əsas göstericiləridir. Vahid geyim qaydalarının da əsl mənası məhz burada üzə çıxır: məktəbdə uşaqların bərabərliyi, nizam-intizam və qarşılıqlı hörmət qorunsun, təhsilin dünyəvi xarakteri təmin edilsin, milli kimliyimizə bağlılıq isə gündəlik həyatımızın ayrılmaz hissəsi olaraq qalsın”.
Ruslan MƏMMƏDOV





