Təhsil Keyfiyyəti Və Tələbə Hüquqlarının Qorunması

15.10.2026

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) fəaliyyətində planlaşdırılan struktur dəyişiklikləri — bəzi kolleclərin profilinə uyğun universitetlərin tərkibinə verilməsi və ya yenidən təşkili məsələsi ölkə gündəmində geniş müzakirə olunur.

ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev kolleclərin yenidən təşkilinə yalnız simplist şəkildə birləşdirilmə və ya ləğv olunma kimi yanaşmağın düzgün olmadığını bildirib. Millət vəkili prosesin mahiyyətini, əmək bazarının tələblərini və tələbə-müəllim heyətinin hüquqlarını ətraflı təhlil edib. Razi Nurullayev vurğulayıb ki, aparılan struktur islahatlarının əsas qayəsini təhsilin keyfiyyətini qaldırmaq və mütəxəssis hazırlığını müasir əmək bazarının tələblərinə uyğunlaşdırmaq təşkil edir:

“Eyni profilli kollecin müvafiq universitetin tərkibində fəaliyyət göstərməsi tədris proqramlarının uyğunlaşdırılmasına, laboratoriya və maddi-texniki bazadan birgə istifadəyə, tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlarının inkişafına şərait yarada bilər. Digər tərəfdən, bəzi kolleclərdə tələbə sayının azalması, ixtisaslara tələbatın dəyişməsi və kadr hazırlığının müasir ehtiyaclarla uzlaşması məsələləri də bu cür struktur dəyişikliklərini gündəmə gətirən amillər sırasındadır”.

Deputat struktur dəyişiklikləri zamanı sosial və hüquqi aspektlərin ciddi şəkildə nəzarətdə saxlanılmasının vacibliyini xüsusi qeyd edib:

“İnanıram ki, heç bir tələbə kənarda qalmayacaq və onların təhsillərini başa vurmaları üçün müvafiq şərait yaradılacaq. Kolleclərin yenidən təşkili tələbələrin təhsil hüquqlarına xələl gətirməməli, onların indiyədək əldə etdikləri nəticələr və gələcək planları nəzərə alınmalıdır. Eyni zamanda, müəllimlərin əmək hüquqlarının qorunması və bölgələrdə yaşayan gənclərin təhsilə əlçatanlığının təmin edilməsi də diqqətdə saxlanılmalıdır. Əsas məqsəd təhsil sistemini müasirləşdirməklə yanaşı, tələbələrin maraqlarını qorumaq və onların gələcəyə inamını gücləndirməkdir”.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁12