Salyan Rayon Mərkəzi Xəstəxanasının Həkim-Radioloqu Beynəlxalq Konfransda Təmsil Olunub


Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-radioloqu Sevinc Ağalarova Azərbaycan Radioloqlar Cəmiyyətinin VI Beynəlxalq Elmi-Praktiki Konfransında iştirak edib.
ELAZ.İNFO xəbər verir ki, 3 gün davam edən genişmiqyaslı konfransdan zəngin təəssüratla qayıdan həkim-radioloq Sevinc Ağalarova beynəlxalq və yerli mütəxəssislərin radiologiyanın gələcək inkişaf perspektivlərini ətraflı müzakirə etdiklərini bildirib. Sevinc həkim vurğulayıb ki, beynəlxalq tədbirdə nəzəri biliklərlə yanaşı, innovativ texnologiyaların tətbiqi məsələlərinə geniş yer ayrılıb:
“Süni İntellekt və diaqnostikada vaxta qənaət edən, dəqiqliyi maksimuma çatdıran ən son rəqəmsal texnologiyalardan tutmuş, praktiki vörkşoplara – süd vəzi və qaraciyər xəstəliklərinin erkən təyinində beynəlxalq protokolların (BI-RADS, multi-parametrik MRT) canlı tətbiqinə qədər olan müzakirələrdə tibbi biliklərimiz yeniləndi, zəngin təcrübə qazandıq və peşəkarlığa doğru bir addım da atmış olduq”.
İntensiv təcrübə mübadiləsi mühitində keçən beynəlxalq konfransın sonunda bütün iştirakçılara beynəlxalq səviyyəli sertifikatlar təqdim olunub. Tədbir çərçivəsində iştirakçı həkimlər 7.0 EACCME və 28 Dəvamlı Tibbi Təhsil (DTT) kredit balı ilə təltif ediliblər. Sözügedən beynəlxalq təcrübə regional xəstəxanalarda çalışan tibbi heyətin peşəkar inkişafına və əhaliyə gösterilən diaqnostik xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
Ruslan MƏMMƏDOV





