Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Uğurlu Neyrocərrahiyyə Əməliyyatı: L4-L5 Fəqərələrarası Disk Yırtığı Uğurla Xaric Edilib


Şirvan Şəhər Mərkəzi Xəstəxanasında tibb müəssisəsinin müasir cərrahi imkanlarını və yüksək ixtisaslı tibbi xidmət səviyyəsini nümayiş etdirən növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı icra olunub.
ELAZ.İNFO xəbər verir ki, cərrahi müdaxilə həkim-neyrocərrah Natiq Vəliyev tərəfindən Şirvan şəhər sakini olan 1970-ci il təvəllüdlü qadın pasiyent üzərində həyata keçirilib. Xəstəxanada aparılan dəqiq klinik və instrumental-diaqnostik müayinələrin nəticələrinə əsasən, pasiyentə “L4-L5 fəqərələrarası diskin soltərəfli yırtığı” diaqnozu qoyulub. Düzgün müəyyən edilmiş diaqnoza uyğun olaraq, həkim-neyrocərrah Natiq Vəliyevin rəhbərliyi altında “L4-L5 fəqərələrarası diskin soltərəfli mikrodiskektomiyası” (disk yırtığının xaric edilməsi) əməliyyatı müvəffəqiyyətlə yekunlaşıb. Pasiyentin əməliyyatdan sonrakı vəziyyəti kafi qiymətləndirilir. Sözügedən əməliyyat regional tibb müəssisələrində əhaliyə göstərilən yüksəkixtisaslı tibbi xidmətlərin əhatə dairəsinin genişlənməsinin və müasir neyrocərrahi imkanların növbəti əyani göstəricisidir.
Ruslan MƏMMƏDOV





