Trampın ABŞ – Rusiya Razılaşması: Zəngəzur Dəhlizi Və Azərbaycanın Strateji Maraqları Kontekstində…


ABŞ Prezidenti Donald Trampın oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Rusiyadan ABŞ və dünya bazarlarına əlavə dizel yanacağı tədarükü barədə razılaşmasından sonra bu razılaşmanın Zəngəzur dəhlizinə və TRIPP layihəsinə mümkün təsirini qeyd etmişdim.
ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Dəmir Yolları şirkətinin prezidenti Oleq Belozerovun Ermənistana gözlənilən səfəri və Ermənistanın baş naziri Nikol Paşinyanla dəmir yolu xətlərinin Naxçıvan və Qars istiqamətində inkişafı məsələlərini müzakirəsi barədə məlumatlar qənaətimi möhkəmləndirir.
Ermənistan dəmir yollarının Rusiya Dəmir Yolları şirkətinin idarəçiliyində olduğunu nəzərə alsaq, Ermənistan və Rusiya arasında razılaşma əldə ediləcəyi və Rusiyanın TRIPP layihəsinin infrastrukturuna və ya idarəetmə mexanizmlərinə cəlb olunacağı təqdirdə, Moskvanın yalnız layihəyə deyil, bütövlükdə regiona siyasi, iqtisadi və hərbi təsir imkanlarını, eləcə də qlobal daşımalar və tranzit marşrutları üzərində nəzarətini genişləndirəcəyi şübhəsizdir.
Ukraynanın Rusiyanın enerji və neft emalı infrastrukturuna zərbələrindən ciddi enerji və yanacaq çatışmazlığı ilə üzləşən Rusiyanın ABŞ-la dizel razılaşması Tramp və Putin arasında çox ciddi geosiyasi sövdələşməyə işarə edir. Rusiya enerji daşıyıcılarının əhəmiyyətli hissəsini Çin bazarına ixrac etdiyi halda, enerji axınlarının ABŞ-a və dünya bazarlarına yönəldilməsi ABŞ-ın qlobal enerji bazarlarına təsirini, Çinə iqtisadi təzyiq imkanlarını və strateji rəqabət potensialını əhəmiyyətli dərəcədə artırır. Rusiyanın enerji resurslarının müxtəlif bazarlara çıxışı Vaşinqton üçün enerji qiymətlərinə və təchizat zəncirlərinə təsir vasitələri yarada bilər.
Əsas narahatlıq isə ABŞ–Rusiya yaxınlaşmasının Cənubi Qafqazda qüvvələr balansına təsiridir. Ermənistanın ABŞ-la TRIPP-ə dair 26 may 2026-cı il tarixli Çərçivə Sazişindən sonra TRIPP-in idarəetmə şirkətinə ABŞ tərəfindən rus mənşəli şəxslərin rəhbər təyin edilməsi Rusiyanın dolayı yolla da olsa, TRIPP layihəsində iştirakını mümkün göstərirdi. Rusiya Dəmir Yolları şirkətinin idarəetməyə cəlb edilməsi Zəngəzur istiqamətində sərbəst və maneəsiz tranzitlə bağlı əlavə maneələr yarada bilər. Çünki dəmir yollarına nəzarət həm də beynəlxalq logistika marşrutlarına və regional geosiyasi təsir rıçaqlarına nəzarət vasitəsidir.
Məlumdur ki, indiki Ermənistanda Zəngəzur dəhlizi adlandırılan dəmir yolu və ərazi Azərbaycanın mülkiyyətidir. Odur ki, indi də tranzit rejimi və sərbəst hərəkət məsələləri Azərbaycanın suverenlik və milli təhlükəsizlik maraqlarına uyğun qurulmalıdır. Tərəflər bu reallıqları nəzərə almaq məcburiyyətindədirlər.
ABŞ–Rusiya yaxınlaşması Avropa və NATO müttəfiqlərinin narazılıq etdiyi qlobal geosiyasi təsirə malikdir. Əgər Vaşinqtonla Moskva arasında sövdələşmələr Ukraynanın və digər regional tərəfdaşların maraqlarını arxa plana keçirirsə, bu, alyansın da taleyini sual altına salır. Rusiya–Ukrayna müharibəsi yalnız dövlətlərarası deyil, artıq dərin tarixi, xalqlararası münaqişəyə çevrilib. Buna görə də Trampın təzyiqləri ilə tərəflər arasında əldə olunacaq mümkün razılaşmalar uzunmüddətli sabitliyə zəmanət vermir. Zelenskinin dəyişdirilməsi də Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya xeyrinə rəsmiləşdirilməsinə gətirib çıxarmayacaq. Əksinə, Rusiyanın öz taleyini Ukraynanın müqavimət və dözümlülük strategiyası müəyyən edəcək. Hətta ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının dayandırması da Ukraynamı “sülhə” məcbur edə bilməyəcək.
Azərbaycan üçün bu proseslərin strateji əhəmiyyəti Rusiyanın postsovet məkanında, xüsusən Ermənistan və Azərbaycana geosiyasi təsir imkanlarının transformasiyasıdır. Azərbaycan–Rusiya münasibətlərinin normallaşması istiqamətində atılan addımlar da bu geosiyasi proseslərin tərkib hissəsidir. Azərbaycan təyyarəsinin Qroznı üzərində vurulması ilə bağlı Çeçenistan rəhbərinin Azərbaycana səfəri və məsuliyyətin öz üzərinə düşmədiyini bildirməsi müəyyən siyasi jest kimi Rusiya ilə ikitərəfli münasibətlərin normallaşmasına, eləcə də TRIPP ətrafında danışıqlara təsir göstərə bilər.
Nəzərə alsaq ki, TRIPP layihəsinə İranın və Rusiyanın münasibəti, eləcə də bu dövlətlərin regional maraqları fərqlidir, baş verən proseslər Zəngəzur istiqamətində geosiyasi rəqabətin mürəkkəb xarakterini göstərir.
Beləliklə, Trampın Rusiya ilə mümkün enerji razılaşmaları, Ermənistan dəmir yollarının idarəçiliyi və TRIPP layihəsinin gələcəyi arasında birbaşa əlaqə təsdiqlənməsə də, onların vahid geosiyasi kontekstdə təhlili zəruridir. Azərbaycanın əsas prioriteti Naxçıvanla etibarlı nəqliyyat bağlantısını təmin etmək, xarici təsir risklərini məhdudlaşdırmaq və milli maraqları qoruyan hüquqi-siyasi mexanizmləri gücləndirməkdir.
Vüqar DADAŞOV Politoloq, ekspert





