Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının Sədri Xankəndiyə Səfər Edib

14.10.2026

Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko işgüzar səfər çərçivəsində Xankəndi şəhərində olub.

ELAZ.İNFO xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.

Qonaqlara Xankəndi şəhərinin tarixi, azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı təmin olunur. Eyni zamanda, yaşayış infrastrukturunun bərpası, şəhərin inkişafı və sakinlərin rahatlığının təmin edilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir.

İqor Sergeyenkonun başçılıq etdiyi heyət Xankəndi şəhərində yerləşən Zəfər parkını ziyarət edib. Qonaqlara bildirilib ki, tarihi ədalətin rəmzi olan bu park Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi döyüş əzmini və 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni əks etdirir: Parkın girişindən Zəfər tağına doğru salınan 44 pilləkən üzərindəki lövhələrdə müharibənin gedişi və azad olunmuş yaşayış məntəqələrinin adları həkk olunub. Lövhələrdə həmçinin 2023-cü ildə keçirilmiş birgünlük lokal antiterror əməliyyatının nəticələrinə dair məlumatlar da yer alıb. Zəfər parkından sonra heyət Qarabağ Universiteti ilə tanış olub. Mütəxəssislər ali təhsil müəssisəsinin fəaliyyəti, tədris imkanları və işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturu istiqamətində görülen işləri qonaqların diqqətinə çatdırıblar.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁15