Humanitar Yardım Nöqtəsinin Vurulması Nəticəsində 72 Nəfər Həlak Olub

17.11.2026

Ukraynanın Zaporojye vilayətinin Komişuvaxa yaşayış məntəqəsinə Rusiya aviasiyasının endirdiyi zərbələr ağır insan tələfatı ilə nəticələnib.

ELAZ.INFO xəbər verir ki, hücum zamanı 72 nəfər həyatını itirib, daha 4 nəfər isə itkin düşmüş hesab olunur. Məlumata görə, Rusiya qüvvələri noyabrın 2-də yaşayış məntəqəsinə idarə olunan hava bombaları ilə zərbələr endirib. Hücum nəticəsində “Cerelo” idman zalı və mülki şəxslərin humanitar yardım almaq üçün toplaşdığı yeraltı sığınacaq birbaşa vurulub. Güclü partlayış obyektin tamamilə dağılmasına və çox sayda insanın dağıntılar altında qalmasına səbəb olub.

Dağıntılar altından çıxarılan və həyatını itirən şəxslər arasında dinc sakinlərlə yanaşı, xidməti vəzifəsini yerinə yetirən xilasedicilər, polis əməkdaşları, tibb və kommunal xidmət işçiləri, eləcə də məktəb şagirdləri var. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Ruslan MƏMMƏDOV 🖋️

👁 160