Türk dünyasının elmi, mədəni və ideoloji birliyinin gücləndirilməsi, həmçinin ortaq tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq miqyaslı elmi platformaların təşkili böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə türk xalqlarının ortaq inteqrasiya tarixinə həsr olunmuş mötəbər tədbirlərin keçirilməsi qlobal çağırışlar kontekstində mühüm addımlardan biridir.
ELAZ.İNFO xəbər verir ki, millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva Bakı Dövlət Universitetində (BDU) I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dilləri, Ədəbiyyatları və Tarixlərinin Tədrisi Müasir Çağırışlar Kontekstində” mövzulu Beynəlxalq Elmi Konfransda iştirak edib. Millət vəkili tədbirdə “Əlifbadan ideologiyaya: Birinci Türkoloji Qurultayın müzakirələri” adlı geniş məruzə ilə çıxış edib.
Jalə Əliyeva öz çıxışında dünən Heydər Əliyev Mərkəzində I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş təntənəli açılış tədbirinin möhtəşəmliyini xatırladaraq, bu cür toplantıların türk dünyasının ortaq kimliyinə verilən böyük dəyərin göstəricisi olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır” fəlsəfəsinə istinad edərək, bu yanaşmanın türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və elmi əməkdaşlığın inkişaf istiqamətini müəyyənləşdirən mühüm ideoloji xətt olduğunu diqqətə çatdırıb.
Məruzədə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın tarixi əhəmiyyətinə toxunulub, latın qrafikasına keçid prosesinin sadəcə texniki dəyişiklik deyil, ümumi modernləşmə strategiyasının və milli özünüdərkin mühüm elementi olduğu qeyd edilib. Eyni zamanda, sovet rejiminin sonradan bu yaxınlaşmanı təhlükəli tendensiya hesab edərək kiril əlifbasını məcburi tətbiq etməsi və 1930-cu illərin repressiyaları ilə qurultay iştirakçılarını məhv etməsinə baxmayaraq, irəli sürülən inteqrasiya ideyalarının bu gün də yaşadığı bildirilib.
Sonda professor konfransın türkologiya elminin inkişafına mühüm töhfə verəcəyinə, alimlər arasında yeni əməkdaşlıq körpüləri yaradacağına əminliyini ifadə edərək iştirakçılara uğurlar arzulayıb.
Ruslan MƏMMƏDOV


