DÇ-2026-da siyasi qalmaqal:

Argentina millisi İngiltərəyə qarşı “Malvin adaları” banneri açdı!

Dünya Çempionatının yarımfinalında İngiltərə üzərində qazanılan dramatik qələbədən sonra Argentina millisi futbol meydanını siyasi arenaya çevirib. İki ölkə arasında onilliklərdir davam edən ərazi mübahisəsi bu dəfə Şimali Amerikadakı futbol bayramına kölgə salıb.

ELAZ.İNFO xəbər verir ki, Argentina yığmasının futbolçuları İngiltərəyə qalib gəldikdən sonra meydanda Malvin (Folkled) adaları ilə bağlı xüsusi banner nümayiş etdiriblər. Britaniyanın nüfuzlu “The Telegraph” qəzetinin yaydığı məlumata görə, futbolçuların açdığı bannerin üzərində “Malvin adaları argentinalılarınındır” şüarı yazılıb. Argentina və Böyük Britaniya arasında Folkled (Argentina tərəfindən Malvin adlandırılır) adaları ətrafında uzun illərdir ki, kəskin ərazi mübahisəsi davam edir.

Rəsmi Buenos-Ayres İspaniyadan müstəqillik qazandıqdan sonra vərəsəlik hüququna əsaslanaraq bu ərazilərin Argentinaya məxsus olduğunu iddia edir. Onlar Böyük Britaniyanın 1833-cü ildə adalar üzərində qurduğu nəzarəti işğalçılıq aktı kimi qiymətləndirirlər. 1982-ci ildə bu mübahisə iki ölkə arasında irimiqyaslı müharibəyə çevrilmiş və Britaniya ordusunun qələbəsi ilə başa çatmışdır. Argentina adalar üzərindəki iddialarını BMT səviyyəsində qaldırmağa davam etsə də, tərəflər arasında hələ də heç bir kompromis əldə olunmayıb.

Xatırladaq ki, yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edən Argentina millisi iyulun 19-da ABŞ-də keçiriləcək böyük finalda İspaniya yığması ilə qarşılaşacaq. Banner hadisəsinin FİFA tərəfindən intizam sanksiyalarına səbəb olub-olmayacağı isə yaxın saatlarda məlum olacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın