DÇ-2026-da finalın adı məlum oldu: İspaniya və Argentina dünya kuboku uğrunda mübarizə aparacaq!

DÇ-2026-da finalın adı məlum oldu: İspaniya və Argentina dünya kuboku uğrunda mübarizə aparacaq!

Futbol dünyasının ən böyük səhnəsində finalın iştirakçıları müəyyənləşib. Şimali Amerikada keçirilən və ilk dəfə 48 komandanın iştirak etdiyi tarixi Dünya Çempionatında həlledici qarşılaşmanın bütün biletləri artıq sahiblərini tapıb. Son dünya çempionu Argentina və Avropanın ən güclüsü İspaniya planetin ən böyük kubokunu qazanmaq üçün üz-üzə gələcək.

ELAZ.İNFO xəbər verir ki, yarımfinalın son dərəcə gərgin keçən qarşılaşmasında Argentina millisi İngiltərə yığmasına 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib. ABŞ-nin Atlanta (Corciya ştatı) şəhərində baş tutan matçda ingilislər 55-ci dəqiqədə Entoni Qordonun qolu ilə önə keçsələr də, “tanqoçular” əsl xarakter nümayiş etdiriblər. Argentina seçməsinə möhtəşəm geri dönüşü gətirən qolları 85-ci dəqiqədə Entso Fernandes və 90+2-ci dəqiqədə Lautaro Martines vurublar.

İngiltərə üzərindəki qələbə Argentina futbol tarixinə yeni bir rekord yazıb. Bu, cənubi amerikalıların dünya çempionatları tarixində çıxdığı 7-ci final olacaq. Bununla da Argentina final sayına görə İtaliyanı geridə qoyub və Braziliyaya çatıb (bu göstəricidə yalnız 8 finalı olan Almaniya liderdir). Maraqlıdır ki, Argentina yığması dünya çempionatları tarixində oynadığı bütün yarımfinallardan (6 oyundan 6-da) qalib ayrılıb və heç vaxt bu mərhələdə uduzmayıb (1978-ci ildə ilk çempionluq qazanılarkən pley-off mərhələsi keçirilməmişdi).

İngiltərə millisi isə tarixində 4-cü dəfə yüksəldiyi yarımfinal səddini adlaya bilməyib. “Dumanlı Albion” təmsilçisi yalnız 1966-cı ildə çempion olub, 1990 və 2018-ci illərdə isə yarımfinalda uduzaraq turniri 4-cü pillədə başa vurub. İyulun 19-da keçiriləcək final oyununda Argentina digər yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edən İspaniya ilə qarşılaşacaq.

Hazırkı Avropa Çempionu (İspaniya) ilə Amerika Kubokunun sahibi (Argentina) arasındakı bu qarşılaşma həm də böyük maraqla gözlənilən, lakin Yaxın Şərqdəki vəziyyətlə əlaqədar ləğv edilən “Finalissima” (iki qitə çempionunun matçı) oyununun rəsmi əvəzləyicisi olacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın