Su İtkiləri Minimuma Enəcək, Əkin Sahələri Genişlənəcək

Azərbaycan Respublikası Prezidentinin “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli Sərəncamının icrası çərçivəsində genişmiqyaslı layihələndirmə və qiymətləndirmə tədbirləri davam etdirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun əmri ilə yaradılmış İşçi qrupunun növbəti iclasında nəhəng infrastruktur layihəsinin icra vəziyyəti ətraflı müzakirə olunub.
ELAZ.INFO xəbər verir ki, suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən verilən məlumata görə, İşçi qrupunun rəhbəri Rafiq Aslanov kanalın ölkə kənd təsərrüfatı üçün strateji əhəmiyyətini diqqətə çatdırıb. 1958-ci ildən istismarda olan və Mingəçevir su anbarından qidalanan Qarabağ suvarma kanalı hazırda respublikanın ən iri magistral su arteriyası hesab olunur. Kanal Mingəçevir şəhəri daxil olmaqla 8 rayonun 115 min hektaradək əkin sahəsini suvarma, eləcə də əhalini məişət suyu ilə təmin edir. Lakin məcranın torpaq tərkibli olması səbəbindən hər il təxminən 300 milyon kubmetr su itkiyə gedir ki, bu da xüsusilə vegetasiya dövründə ciddi çətinliklər yaradır.
İclasda layihələndirmə işlərinin mərhələli icrası haqqında təqdimat keçirilib. Bildirilib ki, kanalın 51 kilometrlik birinci hissəsi üzrə layihə-smeta sənədləri artıq Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. 56 kilometrlik ikinci hissə üzrə sənədləşmənin oktyabr ayının sonunadək, hidravlik hesablamaları aparılan üçüncü mərhələ üzrə isə noyabr ayının sonunadək ekspertizaya təqdim olunması planlaşdırılır.
Ümumi uzunluğu 172,4 kilometr olan kanalın beton üzlüklə örtülməsi və hidrotexniki qurğularının yenidən qurulması nəticəsində su sərfi saniyədə 113 kubmetrdən 135 kubmetrə çatdırılacaq. Bununla da su itkilərinin qarşısı alınacaq, suvarılan torpaqların sahəsi isə 115 min hektardan 166 min hektara yüksələcək. Eyni zamanda, trassanın dəyişdirilməsi Beyləqan və Ağcabədi rayonlarında “Xan Qızı” kanalının ərazisindəki əlavə 20 min hektar sahənin su təchizatını əsaslı şəkildə yaxşılaşdıracaq.
Ruslan MƏMMƏDOV 🖋️




