Cəbhənin Ən Qaynar Nöqtələrinədək Keçilən Şərəfli Yol

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) tərkibində fəaliyyət göstərən xüsusi təyinatlı “Kraken” bölməsinin hərbçiləri növbəti dəfə yüksək dövlət mükafatları və fəxri fərmanlarla təltif ediliblər. Döyüş tapşırıqları zamanı göstərdikləri xüsusi şücaət, peşəkarlıq və fədakarlığa görə təltif edilən döyüşçülərin mübarizə yolu Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin ilk günlərinə dayanır.
ELAZ.INFO xəbər verir ki, 2022-ci ilin fevralında Rusiya qoşunlarının Xarkov şəhərini birbaşa təhdid etdiyi kritik günlərdə yerli veteranlar, kəşfiyyatçılar və könüllülər bir araya gələrək “Kraken” xüsusi təyinatlı birliyini formalaşdırıblar. Küçə döyüşlərindən başlayan bu müqavimət sonradan Xarkov vilayətinin yaşayış məntəqələrinin azad edilməsi və Baxmut istiqamətindəki ağır, qanlı döyüşlərlə davam edib. Bölmənin tarixi – işğalın ilk günlərindəki fədakar müdafiə ilə bu gün də davam edən çətin və məsuliyyətli mübarizənin canlı təcəssümüdür.
Təqdim olunan mükafatlar təkcə illərlə davam edən təhlükəli əməliyyatların, silahdaşlıq məsuliyyətinin və yorğunluğa baxmayaraq göstərilən iradənin qiymətləndirilməsi deyil. Bu mükafatlar həm də tapşırıqdan geri qayıtmayan, Ukraynanın müstəqilliyi uğrunda canından keçən “Kraken” şəhidlərinin əziz xatirəsinə göstərilən ehtiramın göstəricisidir. Şəhərlərinin müdafiəyə ehtiyacı olduğu ilk andan silaha sarılan bu döyüşçülər ölkələrinə xidməti bu gün də əzmlə davam etdirirlər.
Ruslan MƏMMƏDOV 🖋️




