Finlandiya Aviasiyasının Əfsanəsi Vəfat Etdi

27.10.2026

Finlandiyanın hərbi aviasiya tarixi və veteranlar camiəsi ağır itki ilə üzləşib. İkinci Dünya Müharibəsinin sonuncu hərbi pilotlarından biri, təyyarəçi-veteran Mauri Maunula 103 yaşında vəfat edib.

ELAZ.INFO xəbər verir ki, veteranın vəfatı ilə bağlı məlumatı “Lentoposti” nəşri yayıb. Müharibə illərində nəqliyyat, kəşfiyyat və birbaşa döyüş uçuşlarında iştirak edən Maunula, Finlandiya hərbi hava qüvvələrinin formalaşmasında və müdafiəsində müstəsiz xidmətlər göstərib. Onun döyüş yolu xüsusilə 1943-cü ildə Sivaridə “Morane-Saulnier M.S.406” qırıcı təyyarəsi ilə etdiyi tarixi uçuşlarla yadda qalıb.

Hərbi xidmətini başa vurduqdan sonra da aviasiyadan ayrılmayan Maunula 1976-cı ildə təsis edilmiş “Pilvenveikot” hərbi aviasiya veteranları təşkilatının aparıcı üzvlərindən birinə çevrilib, uzun illər təlimçi və müfəttiş kimi yeni nəsil təyyarəçilərin yetişdirilməsində fəal iştirak edib.

Zəngin və şərəfli ömür yolu keçən veteran həyatı boyu Finlandiyanın əfsanəvi marşalı Karl Qustaf Emil Mannerheym ilə tarixi görüşlərini xüsusi qürurla xatırlayırdı. O, Marşal Mannerheym ilə ilk dəfə Prezident Sarayında kursantların rütbəalma mərasimində, ikinci dəfə isə Mikkelidə Finlandiyanın Müstəqillik Günü tədbirində qarşılaşıb. Hətta 97 yaşında Mikkelidə səhnəyə çıxaraq öz xatirələrini bölüşən Maunula ömrünün sonunadək hərbi andına və vətənə xidmət borcuna sadq qalıb. Mauri Maunulanı vətənpərvərlik, dözümlülük və aviasiyaya sonsuz sevgi timsalı kimi xatırlayacaqlar.

Ruslan MƏMMƏDOV 🖋️

Bizi izləyin və paylaşın
👁 200