Hərbçilər Transgender Yoldaşlarını Müdafiə Edirlər

ABŞ Silahlı Qüvvələrində Tramp administrasiyası ilə hərbi rəhbərlik və zabit heyəti arasında kəskin fikir ayrılığı yaşanır. Donald Tramp və Müdafiə naziri Pit Heqsetin ordudan transgender hərbçilərin çıxarılması (təmizlənməsi) haqqında verdiyi göstərişlər sıravi zabitlər və hərbi komissiyalar tərəfindən müqavimətlə qarşılanır.
ELAZ.INFO xəbər verir ki, LGBTQ Nation nəşrinin jurnalisti Qreq Ouenin yaydığı məlumata görə, Ağ Ev transgender şəxslərin orduda xidmət etməsinə qoyulan qadağanı bərpa etdikdən sonra könüllü uzaqlaşmaqdan imtina edən hərbçilərin işi üçhissəli hərbi komissiyalara (inspeksiya şuralarına) həvalə edilib. Administrasiya üniforma geyinən bu münsiflər heyətinin xaricetmə qərarlarını avtomatik təsdiqləyəcəyini gözləsə də, nəticə tam əksinə olub. İyul ayından bəri dəniz piyadaları və digər hərbi korpuslarda baxılan 12 işdən 9-da hərbi komissiyalar transgender hərbçilərin orduda qalmasının lehinə səs verib.
Bu müqavimətin ən bariz nümunələrindən biri dəniz piyadalarının serjantı Demien Konteresin işində yaşanıb. Avqust ayında hökumət vəkilləri onun 2017-ci ildə cinsiyyət dəyişmə sənədlərini ordudan kənarlaşdırılması üçün əsas kimi təqdim ediblər. Lakin fəal xidmətdə olan hərbçilərdən ibarət komissiya bu sənədlərlə yanaşı, Konteresin 10 illik qüsursuz xidmətini və 3 dəfə xaricdə məsuliyyətli xidmət ezamiyyətində olmasını nəzərə alıb. Münsiflər kənarlaşdırma haqqında formulu ləğv edərək serjantı öz xidməti vəzifəsinin icrasına qaytarıblar.
Müdafiə naziri Pit Heqset uzun illərdir transgender hərbçiləri açıq şəkildə tənqid etsə də, real xidmət şəraitində birgə çalışan hərbçilər siyasi gündəliyə uyğun olaraq öz silahdaşlarını qurban verməkdən imtina edirlər. Ordu daxilindəki bu addım hərbçilərin siyasi sifarişlərə deyil, xidmət yoldaşlığına və peşəkarlığa sadiqliyinin nümayişi kimi qiymətləndirilir.
Ruslan MƏMMƏDOV 🖋️




