Dünya futbolunun canlı əfsanəsi Lionel Messi Şimali Amerikada keçirilən Dünya Çempionatında tarix yazmağa davam edir. İngiltərəyə qarşı baş tutan gərgin yarımfinal matçında nümayiş etdirdiyi möhtəşəm oyunla Argentina millisini finala daşıyan ulduz futbolçu, həm də dünya çempionatları tarixinin mütləq rekorduna imza atıb.
ELAZ.İNFO xəbər verir ki, Argentina yığmasının hücumçusu Lionel Messi dünya çempionatlarında göstərdiyi məhsuldar ötürmə (assist) sayına görə özünə məxsus olan tarixi rekordu yeniləyib. DÇ-2026-nın yarımfinalında İngiltərəyə qarşı keçirilən və Argentinanın 2:1 hesablı geri dönüşü ilə başa çatan matçda 39 yaşlı ulduz futbolçu hər iki qolun ötürməsini verməklə dubl edib.
Bu iki məhsuldar ötürmədən sonra Messinin dünya çempionatlarındakı assistlərinin sayı 12-yə yüksəlib. Bu göstərici ilə o, turnir tarixinin ən çox assist edən oyunçusu titulunu daha da möhkəmləndirib. Rekord siyahısında ikinci pilləni onun əfsanəvi həmyerlisi, 8 qol ötürməsi ilə Dieqo Maradona tutur.
Hazırda 39 yaşı olan Lionel Messi 2023-cü ildən Şimali Amerikanın MLS liqasında çıxış edən “İnter Mayami” klubunda oynayır. Avropada isə o, Fransanın “Paris Sen-Jermen” və İspaniyanın “Barselona” klublarının şərəfini qoruyub. “Barselona” ilə 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun və 3 dəfə Klublararası Dünya Çempionatının qalibi olub.
Milli komanda səviyyəsində isə Messi Dünya Çempionu (2022), dünya çempionatının gümüş mükafatçısı (2014), Olimpiya çempionu (2008) və ikiqat Amerika Kubokunun (2021, 2024) sahibidir. Lionel Messi həmçinin dünyada hamıdan çox — rekord sayda (8 dəfə) “Qızıl top” (“Ballon d’Or”) mükafatını qazanan futbolçudur. Xatırladaq ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi Dünya Çempionatı iyulun 19-da keçiriləcək İspaniya – Argentina finalı ilə başa çatacaq.
Ruslan MƏMMƏDOV


