ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllim vəzifələrinə işə qəbul üçün müsabiqə elan olunub.
Müsabiqə müvafiq qaydalara uyğun olaraq test imtahanı və müsahibə mərhələlərindən ibarət olacaq.
Direktor və direktor müavini vəzifələri üzrə müsabiqə yalnız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində mövcud vakant vəzifələri əhatə edir. Bu vəzifələrə namizədlər ali təhsilin bakalavriat və ya magistratura səviyyəsində müvafiq ixtisas üzrə dövlət nümunəli diplom almalı, həmçinin ixtisası üzrə ən azı 5 il pedaqoji əmək stajına malik olmalıdırlar.
Müəllim vəzifələri üzrə müsabiqə isə həm Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, həm də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərini əhatə edir. Bu vəzifələr üzrə müsabiqədə orta ixtisas və ya ali təhsilin müvafiq ixtisaslarını bitirmiş Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
Qeydiyyat 2026-cı il iyulun 8-dən 23-dək Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsi vasitəsilə aparılacaq. Test imtahanının 2026-cı il avqustun 8-də keçirilməsi nəzərdə tutulur.
Müsabiqədə iştirak etmək istəyən namizədlər əvvəlcə DİM-in elektron sistemində “Şəxsi kabinet” yaratmalı, daha sonra onlayn qeydiyyat xidməti vasitəsilə müraciətlərini təsdiqləməlidirlər.
Direktor və direktor müavinləri üçün keçiriləcək test imtahanında namizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahanın müddəti 3 saat olacaq. Direktor vəzifəsi üzrə keçid balı 55, direktor müavini vəzifəsi üzrə isə 50 bal müəyyən edilib.
Müəllimlərin işə qəbulu üzrə test imtahanında isə namizədlər 70 qapalı tipli test tapşırığını 2 saat ərzində cavablandıracaqlar. Keçid balları məktəbin yerləşdiyi ərazi və bəzi ixtisaslar üzrə xüsusi tələblər nəzərə alınmaqla müəyyənləşdiriləcək.
Test mərhələsində tələb olunan keçid balını toplamış namizədlər növbəti – müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibənin vaxtı və keçirilmə qaydası ilə bağlı ətraflı məlumat test imtahanı başa çatdıqdan sonra rəsmi informasiya resurslarında açıqlanacaq.
Namizədlər müsabiqənin şərtləri, ixtisas tələbləri, test proqramları və qeydiyyat qaydaları ilə bağlı daha ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi informasiya resurslarından əldə edə bilərlər.
İlahə BAYINDIR


