azerbaycan-gurcustan-medeniyyet-emekdasligi

Azərbaycan və Gürcüstan mədəni əməkdaşlığın yeni istiqamətlərini müzakirə etdi

Azərbaycan və Gürcüstan mədəni əməkdaşlığı genişləndirir – Bakıda Birgə İşçi Qrupunun iclası keçirildi

ELAZ.İNFO xəbər verir ki, iyulun 9-da Bakıda Azərbaycan Respublikası və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun 3-cü iclası keçirilib.

İclasda Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulavanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycan nümayəndə heyətinə isə mədəniyyət nazirinin müavini Fərid Cəfərov rəhbərlik edib.

Görüş zamanı iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın mövcud vəziyyəti, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Tərəflər bildiriblər ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında vurğulayıb ki, Azərbaycan və Gürcüstanı ortaq tarix, zəngin mədəni irs və mehriban qonşuluq münasibətləri birləşdirir. Onun sözlərinə görə, son illərdə iki ölkə arasında mədəni əlaqələr yeni mərhələyə qədəm qoyaraq kitabxana işi, muzey fəaliyyəti, teatr, mədəni irsin qorunması, təsviri incəsənət, yaradıcı sənayelər, kino və rəqəmsal transformasiya kimi müxtəlif sahələri əhatə edən sistemli əməkdaşlığa çevrilib.

Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulava isə səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Azərbaycanla mədəni-humanitar əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

İclas çərçivəsində teatrlar arasında qastrol səfərlərinin təşkili, birgə səhnə layihələrinin həyata keçirilməsi, muzey və kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi, mədəni irsin qorunması, sərgilərin təşkili, yaradıcı sənayelər və kino sahəsində birgə təşəbbüslər, həmçinin mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər Birgə İşçi Qrupunun fəaliyyətinin Azərbaycan və Gürcüstan arasında mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıblar. Həmçinin qarşılıqlı maraq doğuran yeni layihələrin həyata keçirilməsi və əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində razılıq əldə olunub.

İclasın yekununda Azərbaycan Respublikası və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun 3-cü iclasının Protokolu imzalanıb. Sənəddə mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair razılaşdırılmış əsas istiqamətlər öz əksini tapıb.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın