Ukraynalı xilasedicilərin övladlarından ibarət yeni qrup Azərbaycana reabilitasiyaya gəlib

Ukraynalı xilasedicilərin övladlarından ibarət yeni qrup Azərbaycana reabilitasiyaya gəlib

Azərbaycan ilə Ukrayna arasındakı humanitar əməkdaşlıq və dostluq münasibətlərinin növbəti təzahürü olaraq, ukraynalı uşaqların ölkəmizdə reabilitasiya prosesi davam etdirilir. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) əməkdaşlarının övladlarından ibarət 30 nəfərlik yeni qrup bərpa və dincəlmək məqsədilə Azərbaycana gəlib.

ELAZ.İNFO xəbər verir ki, gələn qrupu hava limanında Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, Azərbaycan-Ukrayna Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov qarşılayıblar.

Azərbaycana gələn azyaşlıların hər biri Ukraynada müharibə şəraitində, hər növ risklərə rəğmən dağıntıların təmizlənməsi, yanğınların söndürülməsi və mülki əhalinin təxliyəsi missiyasını yerinə yetirən silahsız qəhrəmanların — xilasedicilərin övladlarıdır. Ukraynalı uşaqlar səfər çərçivəsində Azərbaycanın füsunkar guşələrindən olan Qəbələ şəhərində dincələcəklər. Onlar burada dağ təbiətinin gözəlliyindən zövq almaqla yanaşı, peşəkar mütəxəssislərin nəzarəti altında tibbi-psixoloji reabilitasiya kursu keçəcək, Azərbaycan xalqının səmimi qayğısını və qonaqpərvərliyini hiss edəcəklər.

Səfər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birbaşa təşkilati dəstəyi ilə reallaşdırılıb. Qeyd olunub ki, genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri ümumilikdə 662 ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramlarına cəlb edilib. Yalnız 2026-cı ilin əvvəlindən bu günədək 190 ukraynalı uşaq bu imkandan yararlanaraq Azərbaycan xalqının mənəvi dəstəyini və həmrəyliyini yaxından hiss edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın