Azərbaycan ilə Türkiyə arasında ali təhsil sahəsində strateji əməkdaşlığın ən mühüm layihələrindən biri olan Türkiyə–Azərbaycan Universitetinin (TAU) fəaliyyətinin tənzimlənməsi və gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində növbəti addım atılıb. Universitetin Himayəçilər Şurasının rəsmi olaraq 7-ci iclası baş tutub.
ELAZ.İNFO xəbər verir ki, iclasda Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti və Şuranın digər üzvləri iştirak ediblər. Görüş çərçivəsində rəqəmsal və müasir təhsil standartlarına uyğun olaraq universitetin cari fəaliyyəti ətraflı təhlil edilib, yaxın və uzaq perspektiv üçün nəzərdə tutulan inkişaf istiqamətləri, o cümlədən yeni ixtisasların açılması və elmi-tədqiqat potensialının artırılması məsələləri geniş müzakirə olunub.
Vurğulanıb ki, iki qardaş ölkə arasında ali təhsil sahəsində birgə strateji tərəfdaşlığın ən uğurlu və fəxr ediləsi nümunəsi olan Türkiyə–Azərbaycan Universiteti hər iki dövlətin gələcək kadr potensialının güclənməsinə xidmət edir. Şura üzvləri bu əməkdaşlığın və universitetin miqyasının gələcək illərdə də uğurla inkişaf edəcəyinə, hər iki ölkənin elmi ekosisteminə böyük töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.
Ruslan MƏMMƏDOV


