Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında strateji əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında strateji əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında müxtəlif sənaye, enerji və iqtisadiyyat sahələrində ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi istiqamətində növbəti yüksəksəviyyəli görüş keçirilib.

ELAZ.İNFO xəbər verir ki, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin də iştirak etdiyi görüşdə ABŞ senatoru Stiv Deynsin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti qəbul olunub. Tərəflər hər iki ölkə rəhbərliyinin siyasi iradəsi və qarşılıqlı etimadı əsasında formalaşan Azərbaycan-ABŞ strateji tərəfdaşlığının uğurlu inkişaf tempini xüsusi vurğulayıblar.

Müzakirələr zamanı əsas diqqət ticarət və investisiyaların təşviqi, ənənəvi və alternativ enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, həmçinin qlobal sənaye üçün böyük əhəmiyyət kəsb edən kritik mineralların hasilatı və emalı sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlib. Bununla yanaşı, regionun və dünyanın tranzit xəritəsində mühüm yer tutan Orta Dəhlizin beynəlxalq ticarətdə, iqtisadi inteqrasiyada və regional bağlantıların gücləndirilməsindəki strateji rolu geniş şəkildə qeyd edilib.

Görüşün rəsmi hissəsində Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində fəaliyyət göstərən İqtisadi Dialoq mexanizminin iki ölkə arasındakı əlaqələrin əsas institusional platformalarından biri olduğu bildirilmiş, perspektivdə nəzərdə tutulan birgə layihələrin icrasına dair yol xəritəsi ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın