Azərbaycanda səhiyyə sisteminin kadr potensialının gücləndirilməsi və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində növbəti addım atılıb. Rezidentura təhsilini uğurla başa vuran gənc həkimlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində rəsmi olaraq əmək fəaliyyətinə başlayıblar.
ELAZ.İNFO xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramov qurumun tabeli tibb müəssisələrində işə başlayan gənc həkim-rezidentlərlə görüş keçirib. Bildirilib ki, rezidenturanı uğurla bitirən mütəxəssislər paytaxtın aparıcı tibb ocaqları olan “Yeni Klinika”, Mərkəzi Neftçilər Xəstəxanası və digər ixtisaslaşmış xəstəxanalarla yanaşı, regionlarda fəaliyyət göstərən tibb müəssisələrinə də təyinat alıblar.
Gənc həkimlərin işə qəbulu tam şəffaf və obyektiv seçim prosesi əsasında həyata keçirilib. Bu strateji yanaşma səhiyyə sisteminin savadlı gənc kadrlarla təmin olunmasına, xəstəxanaların insan resurslarının inkişafına və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına birbaşa töhfə verir.
Görüş zamanı İcraçı direktor Anar Bayramov vurğulayıb ki, tibb müəssisələrinin peşəkar həkim kadrları ilə təmin edilərək gücləndirilməsi TƏBİB-in əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə reallaşdırılan ardıcıl tədbirlər təkcə Bakıda deyil, regionlarda da tibbi xidmətin əlçatanlığının artırılmasına yönəlib.
Ruslan MƏMMƏDOV


