İncəsənət məktəblərinə qəbulda növbəti mərhələ: İxtisas və məktəb seçimi başladı

İncəsənət məktəblərinə qəbulda növbəti mərhələ: İxtisas və məktəb seçimi başladı

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu prosesi davam edir. 2026/2027-ci tədris ili üzrə namizədlər üçün mühüm mərhələyə start verilib.

ELAZ.İNFO xəbər verir ki, 6–20 iyul 2026-cı il tarixlərində qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsi keçiriləcək. Qəbul imtahanında iştirak edərək mümkün 100 baldan minimum 50 bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən ixtisas və məktəb seçimi edə bilərlər. Qaydalara əsasən, hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək şansı tanınır. Xarici ölkə vətəndaşları isə bu seçimi müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşaraq edə biləcəklər.

Ödənişsiz təhsil üzrə qəbul musiqi alətləri (5 və 7 illik), vokal, xor, təsviri sənət və xoreoqrafiya ixtisaslarının xüsusiyyətlərinə uyğun olaraq 6-12 yaş arasındakı uşaqlar üçün nəzərdə tutulub. Ödənişli əsaslarla təhsil üçün isə minimum yaş hədləri saxlanılmaqla maksimum yaş həddi 40 olaraq müəyyən edilib. Müsabiqə reytinq sırası və plan yerləri əsasında aparılacaq. Seçim nəticələri elan olunduqdan sonra uğur qazanan namizədlər sağlamlıq haqqında tibbi arayışı (xarici vətəndaşlar üçün həmçinin müvəqqəti yaşama icazəsini) sistemə yükləyərək təhsillərini təsdiqləməlidirlər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın