Azərbaycanın xarici siyasətində Afrika ölkələri ilə əlaqələrin gücləndirilməsi və parlament diplomatiyasının inkişafı istiqamətində mühüm addımlar atılır. Bu çərçivədə iyulun 6-da Milli Məclisdə yüksək səviyyəli beynəlxalq görüş baş tutub.
ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və komitə üzvləri Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər. Görüşdə iki ölkə arasındakı münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslandığı xüsusi vurğulanıb.
Söhbət zamanı tərəflər təbii ehtiyatların səmərəli idarə olunması, enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrinin inkişafı və iqlim dəyişikliyi ilə mübarizə kimi qlobal və aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar. Eyni zamanda, Azərbaycan ilə Zimbabvenin beynəlxalq platformalarda, xüsusilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, COP29 və WUF13 çərçivəsindəki uğurlu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirilib. Sonda hər iki ölkənin müvafiq parlament komitələri arasında qanunvericilik sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin perspektivləri müzakirə olunub.
Ruslan MƏMMƏDOV


