Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq logistik imkanların genişləndirilməsi və regional nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində fəaliyyətini aktiv şəkildə davam etdirir. Bu çərçivədə ADY rəhbərliyi Rusiya Federasiyasına işgüzar səfər edib.
ELAZ.İNFO xəbər verir ki, səfər çərçivəsində Rusiya Dəmir Yollarının rəhbərliyi, həmçinin Rusiya və İranın dəmiryol administrasiyalarının rəhbər heyəti ilə səmərəli və üçtərəfli maraq doğuran görüşlər keçirilib. Görüşlərin əsas müzakirə mövzusu regionun ən böyük tranzit layihələrindən olan “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi olub. Tərəflər dəhliz üzrə yükdaşımaların səmərəliliyinin artırılması, logistik zəncirdə rəqəmsallaşma proseslərinin sürətləndirilməsi və kadr potensialının gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarını geniş şəkildə müzakirə ediblər.
Səfər proqramı çərçivəsində, həmçinin Rusiyadakı böyük yükgöndərən şirkətlərin nümayəndələri ilə də xüsusi görüşlər təşkil olunub. Görüşlər zamanı tərəfdaşlara ADY-nin təhlükəsiz, etibarlı və dayanıqlı yükdaşıma xidmətləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, yük əməliyyatlarının daha operativ və sürətli idarə olunması üçün ADY tərəfindən tətbiq edilən ən son rəqəmsal həllər və innovativ platformalar xarici partnyorların diqqətinə çatdırılıb.
Ruslan MƏMMƏDOV


