Ukraynada müharibənin intensivliyi artmaqda davam edir. Paytaxt Kiyev son günlərin ən şiddətli hava hücumlarından biri ilə qarşı-qarşıya qalıb. Rusiya ordusunun həyata keçirdiyi kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) zərbələri şəhərdə ciddi dağıntılara və insan itkilərinə yol açıb.
ELAZ.İNFO xəbər verir ki, Rusiya qüvvələrinin Kiyevə təşkil etdiyi son hava hücumu nəticəsində ilkin məlumatlara görə azı 9 nəfər həlak olub, 5-i uşaq olmaqla 46 sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun verdiyi rəsmi açıqlamaya görə, zərbələr nəticəsində çoxmərtəbəli yaşayış binaları və mülki infrastruktur obyektləri ağır ziyan çəkib.
Hücum zamanı paytaxtın bir neçə rayonunda, xüsusilə Podolsk və Darnitski səmtlərində hündürmərtəbəli binalara ciddi ziyan dəyib, güclü yanğınlar qeydə alınıb. Darnitski rayonunda qalıqların 25 mərtəbəli binaya düşməsi nəticəsində sakinlərin yuxarı mərtəbələrdə köməksiz vəziyyətdə qaldığı, xilasedicilərin xüsusi texnika vasitəsilə 22 nəfəri təxliyə etdiyi bildirilir. Rəsmi qurumlar dağıntılar altında hələ də insanların qala biləcəyini və ölü sayının artacağını istisna etmirlər.
Qeyd edək ki, bu qanlı hadisə Kiyevdə 30-dan çox insanın ölümü ilə nəticələnən sonuncu dəhşətli hücumdan cəmi bir neçə gün sonra baş verib. Ukrayna Prezidenti Volodimir Zelenski bu hücumların Türkiyədə keçiriləcək NATO sammiti ərəfəsinə təsadüf etdiyinə diqqət çəkib. Paytaxt Kiyevdə hadisə ilə əlaqədar rəsmi matəm elan olunub.
Ruslan MƏMMƏDOV


