ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda ilk dəfə kamança ailəsinin dörd ölçüsü üzrə milli standartlar rəsmi şəkildə təsdiqlənib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində mühüm addım hesab olunur.
AZSTAND-44 Texniki Komitəsi tərəfindən hazırlanaraq təsdiq edilən standartlar kamança alətinin ölçülərini, konstruktiv xüsusiyyətlərini və istehsal parametrlərini vahid texniki normalar əsasında müəyyən edir. Bununla da ölkədə milli musiqi alətləri üzrə ilk sistemli standartlaşdırma layihəsi reallaşdırılıb.
Milli musiqi alətlərinin vahid standartlarının hazırlanması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşəbbüsü ilə 2023-cü ildə AZSTAND-44 Texniki Komitəsi yaradılıb. Komitənin fəaliyyətini əhatə edən ikiillik Tədbirlər Planı 2024-cü ildə təsdiq olunub və hazırda plana uyğun olaraq standartlaşdırma prosesi davam etdirilir.
Cari ilin əvvəlində kamança ailəsinin dörd ölçüsü üzrə hazırlanmış standart layihələri Texniki Komitənin üzvlərinə təqdim olunub. Mütəxəssislərin rəy və təklifləri nəzərə alındıqdan sonra hazırlanmış alət nümunələrinin ekspert qiymətləndirilməsinin aparılması qərara alınıb.
2026-cı il mayın 26-da və iyunun 25-də Azərbaycan Milli Konservatoriyasında keçirilən ekspertiza iclaslarında komitə üzvləri hazırlanmış kamança nümunələrinin layihə standartlarına uyğunluğunu qiymətləndiriblər. Ekspertiza və səsvermənin nəticələrinə əsasən alətlərin müəyyən edilmiş texniki parametrlərə tam uyğun olduğu təsdiqlənib.
İyunun 29-da keçirilən AZSTAND-44 Texniki Komitəsinin növbəti iclasında isə kamança ailəsi üzrə hazırlanmış milli standart layihələri rəsmi səsvermə yolu ilə qəbul edilib. Beləliklə, Azərbaycanda milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində ilk hüquqi-normativ baza formalaşdırılıb.
Standart layihələri Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Alətləri Laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanıb. Elmi-tədqiqat prosesi çərçivəsində 150-dən artıq kamança nümunəsi üzərində ölçmələr aparılıb, konstruktiv göstəricilər və proporsiyalar müəyyənləşdirilib, statistik təhlillər əsasında vahid standart parametrlər formalaşdırılıb. Bu yanaşma standartların həm elmi əsaslara söykəndiyini, həm də praktik tətbiq imkanlarına malik olduğunu göstərir.
Qeyd edək ki, kamança Azərbaycan musiqi mədəniyyətinin ən qədim və dəyərli simvollarından biridir. Alət UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və ölkəmizin zəngin musiqi ənənələrinin dünyada tanıdılmasında mühüm rol oynayır.


Mütəxəssislərin fikrincə, milli standartların qəbul edilməsi kamança istehsalında vahid keyfiyyət meyarlarının formalaşmasına, ustaların fəaliyyətinin dəstəklənməsinə, peşəkar ifaçılıq mühitinin inkişafına, musiqi təhsilində vahid yanaşmanın tətbiqinə və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
AZSTAND-44 Texniki Komitəsi tərəfindən gələcək mərhələdə digər milli xalq çalğı alətləri üzrə də standartların hazırlanması nəzərdə tutulur. Bu istiqamətdə həyata keçiriləcək işlərin Azərbaycanın zəngin musiqi irsinin qorunmasına, elmi əsaslarla inkişaf etdirilməsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edəcəyi bildirilir.
İlahə BAYINDIR
Hazırladı ELAZ.İNFO Redaksiyası


