Rusiyalı alimlər apardıqları tədqiqatlar nəticəsində aşkar ediblər ki, heyvan populyasiyalarının məhv olma prosesi fərdlərin ilkin sayından və çoxalma strategiyasından (monoqam və ya poliqam) asılı olmayaraq, ciddi riyazi qanunauyğunluqlara tabedir.
ELAZ.İNFO xəbər verir ki, bu kəşf demoqrafik proqnozların dəqiqliyinin artırılmasına və epidemiyaların modelləşdirilməsinə mühüm töhfə verəcək. Tədqiqat MDU-nun aparıcı elmi işçisi Aleksandr Şklyayev və İqtisadiyyat Ali Məktəbinin (HSE) nümayəndəsi Anton Jiyanov tərəfindən “iki cinsli budaqlanan proseslər”in öyrənilməsi zamanı aparılıb. Alimlər müəyyən ediblər ki, hər bir ailənin orta hesabla bir cüt nəsil verdiyi populyasiyalar belə, uzunmüddətli dövrdə məhv olmağa məhkumdur. Populyasiyanın ömür müddəti ilkin fərdlərin sayının loqarifminin kvadratına bərabərdir. Bu o deməkdir ki, populyasiyanın ölçüsü 1000-dən 1 milyona qədər artsa belə, onun yaşama müddəti cəmi 4 dəfə artır. Tapılan qanunauyğunluq həm monoqam, həm də poliqam cütləşmə mexanizmlərində özünü doğruldur.
Tədqiqatçılar qeyd edirlər ki, sistemin ümumi dinamikası modelin kiçik detalları ilə deyil, fundamental ehtimal qanunauyğunluqları ilə müəyyən edilir. Bu biliklər biologiyadan tutmuş iqtisadiyyata qədər müxtəlif sahələrdə mürəkkəb sistemlərin davranışını proqnozlaşdırmaq üçün istifadə edilə bilər.
Ruslan MƏMMƏDOV
