Deputat Razi Nurullayev aqrar sektorda subsidiyaların regionlar üzrə fərqləndirilməsi, torpaqların birləşdirilməsi və kiçik fermerlərin məhsullarının satışına dəstəyin artırılması zərurətini qeyd edib. O, kənd təsərrüfatının inkişafı üçün mövcud mexanizmlərin təkmilləşdirilməsinin vacib olduğunu bildirib.
ELAZ.İNFO xəbər verir ki, millət vəkili subsidiya məbləğlərinin ölkə üzrə eyni olmasının yanlış olduğunu vurğulayıb: “Azərbaycanın coğrafiyası və iqlimi fərqlidir. Ona görə də subsidiyalar bu xüsusiyyətlərə uyğunlaşdırılmalıdır. Eyni zamanda, xırda və pərakəndə torpaq sahələri məhsuldarlığı məhdudlaşdırır. Torpaqların birləşdirilməsi həm istehsalı, həm də bazara çıxış imkanlarını genişləndirəcək”.
Deputatın sözlərinə görə, kiçik təsərrüfat sahibləri məhsullarını sata bilməməkdən əziyyət çəkirlər. Daşınma və satış xərclərinin yüksək olması səbəbindən fermerlər məhsullarını ya çox ucuz satır, ya da məhsul məhv olur. Nurullayev bu fermerlərin məhsullarının dövlət tərəfindən alınmasının vacib olduğunu bildirib.
Heyvandarlıq sahəsinə də toxunan Razi Nurullayev, cins heyvanların payının artırılması hədəflərinin daha iddialı olmasını təklif edib: “Elə heyvan var 5 kiloqram süd verir, elə cins heyvan var 30 kiloqram. Hədəflərə çatmaq üçün məhsuldar cinslərin payı artırılmalıdır”.
Bundan başqa, deputat balıqçılıq sahəsində qeyri-qanuni ov hallarına qarşı mübarizənin sərtləşdirilməsinin vacibliyini də xüsusi qeyd edib.
Ruslan MƏMMƏDOV
