Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz dövriyyədən çıxarılan külli miqdarda narkotik vasitə və psixotrop maddələr məhv edilib.
ELAZ.İNFO xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə paytaxtın Sabunçu rayonu ərazisində keçirilən xüsusi prosesdə məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələr tamamilə yandırılaraq məhv edilib.
Məlumata görə, ümumilikdə 4 ton 576 kiloqram müxtəlif növ narkotik vasitə və 122 min 367 ədəd psixotrop tərkibli həb dövriyyədən çıxarılıb.
Polis əməkdaşlarının apardığı effektiv əməliyyatlar nəticəsində əldə olunan bu vasitələrin məhv edilməsi, narkotiklərin cəmiyyətə və gələcək nəsillərin sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması istiqamətində atılan növbəti qətiyyətli addımdır.
Ruslan MƏMMƏDOV
