Salyanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı “Memarlıq və müasir şəhərsalma: dayanıqlı gələcəyə doğru” mövzusunda tədbir baş tutub.
ELAZ.İNFO xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti, YAP Salyan rayon təşkilatı, mədəniyyət idarəsi nümayəndələri, ziyalılar və ictimaiyyət təmsilçiləri iştirak ediblər. İştirakçılar əvvəlcə Salyan Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası və Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən təşkil edilən, ölkəmizin memarlıq irsini və müasir quruculuq proseslərini əks etdirən sərgi ilə tanış olublar. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad edildikdən sonra “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin bu Sərəncamı milli memarlıq irsinin qorunması və müasir şəhərsalma yanaşmalarının təşviqi üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda milli ənənələrlə müasir texnologiyaların vəhdəti əsasında həyata keçirilən bərpa-quruculuq işlərinin Azərbaycanın müasir şəhərsalma siyasətinin parlaq nümunəsi olduğu vurğulanıb.
Tədbir Salyan rayon Mədəniyyət Mərkəzi və Uşaq İncəsənət Məktəbinin şagirdlərinin təqdim etdiyi zəngin bədii proqramla yekunlaşıb.
Ruslan MƏMMƏDOV
