Sümük iliyi transplantasiyası üçün sığorta təminatı artırıldı

Azərbaycan Respublikasının Nazirlər Kabineti İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə mühüm dəyişiklik edərək, sümük iliyi transplantasiyası üzrə əlçatanlığı genişləndirib.

ELAZ.İNFO xəbər verir ki, qəbul edilən qərara əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyası üzrə əməliyyatların say həddi artırılıb. İl ərzində 20 transplantasiya əməliyyatı üçün sığorta təminatı verilirdi. Artıq il ərzində 50 transplantasiya əməliyyatı icbari tibbi sığorta hesabına maliyyələşdiriləcək.

Bu addım mürəkkəb və yüksək ixtisaslaşmış tibbi xidmətlərin əlçatanlığının artırılması, eləcə də pasiyentlərin müalicə imkanlarının genişləndirilməsi istiqamətində mühüm bir addım kimi qiymətləndirilir. Yeni qərarın transplantasiyaya ehtiyacı olan vətəndaşların vaxtında və keyfiyyətli tibbi yardımla təmin olunmasına müsbət töhfə verəcəyi gözlənilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın