ELAZ.İNFO xəbər verir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əlaqələrin daha da genişləndirilməsi məsələsi Bakıda keçirilən beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib.
Təşkilata üzv ölkələrin aparıcı analitik mərkəzlərinin toplantısında ticarət dövriyyəsinin artırılması, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və iqtisadi əlaqələrin daha sistemli qurulması müzakirə olunub.
Müzakirələr zamanı Türk dövlətlərinin qlobal iqtisadi və geosiyasi dəyişikliklər fonunda bir-birinə daha sıx bağlanmasının əhəmiyyəti vurğulanıb. Xüsusilə nəqliyyat, logistika, ərzaq təhlükəsizliyi, enerji və müdafiə sənayesi istiqamətləri diqqət mərkəzində olub.
Təkliflər arasında TDT ölkələrinin enerji potensialından daha səmərəli istifadə etməyə imkan verəcək ayrıca institusional strukturun yaradılması da yer alıb.
Beləliklə, Türk dünyasında inteqrasiya yalnız siyasi və mədəni əlaqələrlə məhdudlaşmır. İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və ortaq nəqliyyat-enerji layihələrinin inkişafı təşkilatın gündəmində getdikcə daha böyük yer tutur.
İlahə BAYINDIR


