Salyan Rayon Mərkəzi Xəstəxanasında “E-TƏBİB xəstə qeydiyyatının səmərəli aparılması və növbənin düzgün idarə edilməsi” mövzusunda təlim təşkil olunub.
ELAZ.İNFO xəbər verir ki, təlimdə xəstəxananın müxtəlif şöbələrində çalışan qeydiyyatçılara elektron sistem vasitəsilə pasiyentlərin qeydiyyatı və növbəliliyin tənzimlənməsi qaydaları izah edilib. Təlimi Keyfiyyətə Nəzarətin İdarə olunması Komitəsinin məsul şəxsi Yusif Muradov və Xəstə xidmətləri şöbəsinin müdiri Nərgiz Əzizbəyli aparıblar.
Vətəndaş müraciətlərinin elektron sistemdə qeyd olunması və digər tibb müəssisələrindən gələn e-göndərişlərin TƏBİB portalında düzgün aktivləşdirilməsi vacibdir. Pasiyentlərin sığorta statusunun (imtiyazlı şəxslər, qazilər, şəhid ailələri və s.) FİN kod vasitəsilə dəqiq yoxlanılması mexanizmi qeydiyyatçılara izah edilib. Elektron növbə sistemində yarana biləcək texniki gecikmələr zamanı kütləvi gərginliyin qarşısının alınması və qeydiyyatçıların bu prosesdəki rolu müzakirə olunub. Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.
Ruslan MƏMMƏDOV
