Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) incəsənət məktəb və mərkəzləri üçün bir sıra sahələr üzrə yeni tədris proqramlarının müzakirəsini keçirib. Müzakirələr saksofon ifaçılığı, elementar musiqi nəzəriyyəsi və yeni ixtisas kimi tədrisi nəzərdə tutulan fotoqrafiya sənəti üzrə aparılıb.
ELAZ.İNFO xəbər verir ki, tədbirdə sahə üzrə mütəxəssislər, müəllimlər və MEMİM-in əməkdaşları iştirak ediblər. Mütəxəssislər tədris materiallarının yenilənməsini zəruri hesab edərək görülən işi yüksək qiymətləndiriblər. Fotoqrafiyanın müstəqil ixtisas kimi tədris prosesinə daxil edilməsi xüsusilə əhəmiyyətli addım kimi dəyərləndirilib.
Saksofon ifaçılığı: Klassik və müasir repertuarın tədris planına inteqrasiyası və texniki məşq metodikasının yenilənməsi əsas müzakirə mövzularından olub. Elementar musiqi nəzəriyyəsi: Proqramın interaktiv metodlarla inkişaf etdirilməsi və milli musiqi nümunələrinə geniş yer verilməsi vurğulanıb. Fotoqrafiya sənəti: Rəqəmsal texnologiyaların tədris prosesində tətbiqi və sahənin nəzəri əsaslarının gücləndirilməsi diqqət mərkəzində olub. Yeni tədris proqramlarının incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bacarıqlarının erkən mərhələdən düzgün formalaşdırılması üçün əhəmiyyətli vəsait olduğu qeyd edilib.
Ruslan MƏMMƏDOV
