İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, ehtimal olunduğu kimi, Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı real fəaliyyət planları ortaya çıxır.
ELAZ.İNFO xəbər verir ki, bu barədə danışan Milli Cəbhə Partiyasının hüquqşunası, politoloq Vüqar Dadaşov bildirib ki, seçkiyə müdaxilə ilə bağlı sənədlərin aşkar olunmasını Rusiya xüsusi xidmət orqanları arasındakı yazışmaların haker hücumu nəticəsində əldə edildiyi deyilsə də, bu təqdimat o qədər də inandırıcı görünmür və məlumatların Rusiya tərəfindən məqsədli şəkildə sızdırıldığı, Ermənistanda parlament seçkilərinə, xüsusən də baş nazir Paşinyana qarşı psixoloji təsirin gücləndirilməsi, panik vəziyyətin yaradılması məqsədi daşıdığı görünür.
Rusiya xüsusi xidmət orqanlarının belə haker səhlənkarlığına yol verməsi ilə bağlı versiyalar inandırıcı deyil. Müdaxilə sxeminin ortaya çıxması ənənəvi olaraq həm də ehtiyat ssenarilərin mövcudluğuna işarədir. Elə şübhəli məqam da odur ki, müdaxilə ilə bağlı sızdırılan variant güc tətbiqi ssenarisi deyil, yəni ehtiyat hərbi-silahlı müdaxilə variantı da ola bilər.
Ümumiyyətlə isə Rusiyanın xarici seçkilərə müdaxilə ilə bağlı son dövrlərdə istifadə etdiyi müxtəlif praktik nümunələr müşahidə olunur.
Macarıstanda keçirilən seçkilərdə baş nazir, Rusiya yönümlü Viktor Orbanın məğlubiyyəti, qərbyönlü Peter Madyarın qələbəsi Qərbin qələbəsi kimi təqdim edilsə də, Peter Madyar Macarıstanın Rusiya və Ukrayna ilə bağlı siyasətinin dəyişməyəcəyini açıq dilə gətirərək, onun Rusiya tərəfindən hazırlanmış siyasətçi olması ilə bağlı versiyaları gücləndirmiş oldu.
Digər məqam Serbiya prezidenti Vuçiçə qarşı aksiyaların başlanılması ilə bağlıdır. Bu aksiyalar qarşıdan gələn seçkilərə hazırlıq mərhələsi kimi təqdim olunur. Proses Rusiya tərəfindən müəyyən alternativ variantların hazırlanması qənaətinə inamı artırır.
Ən əsas məqamlardan biri isə Ermənistanda keçiriləcək seçkilərdə Rusiyanın ABŞ-la, daha doğrusu prezident Donald Trampla koordinasiyalı fəaliyyət ehtimalıdır ki, bu da özünü bir neçə istiqamətdə göstərir.
Bu il aprelin 12-də Macarıstanda keçirilən seçkilərdə Donald Trampın baş nazir Viktor Orbana dəstək üçün vitse-prezident Di Vensin Macarıstana səfəri əks effekt yaradaraq Orbanın mövqeyinə mənfi təsir göstərmişdi. Oxşar variantın Ermənistanda da tətbiqi mümkündür. ABŞ dövlət katibi Marko Rubionun seçkidə Paşinyana dəstək üçün Ermənistana səfəri də əks effektli ola bilər. Bu, elektoratın parçalanmasına, Ermənistanın açıq şəkildə Qərbyönümlü siyasətində müəyyən konfliktlərin yaranmasına və seçicilərin fikir ayrılıqlarının dərinləşməsinə hesablanmış siyasi texnologiya təsiri bağışlayır.
Politoloqun fikrincə, Paşinyan Ermənistanı KTMT-dən uzaqlaşdırdı, Rusiyanın hərbi mövcudluğunu zəiflətdi, Qərblə inteqrasiyanı sürətləndirdi, Zəngəzur məsələsində Moskvanın tam nəzarət modelini pozdu. Ancaq Ermənistan Rusiyanın Cənubi Qafqazda mövcudluq prinsipindən daha çox və eləcə də Ukraynadan fərqli olaraq, Moskvanın Ermənistanı uduzması Rusiyanın böyük dövlət, qlobal güc imicini, ən əsası isə imperialist ideoloji bazasını məhv edə bilər.
Tramp administrasiyasının müdaxiləsi ilə Ukraynaya yardım məsələsində NATO daxilində fikir ayrılığının dərinləşməsi, ABŞ–İran müharibəsində Rusiya əlinin güclənməsi və nəhayət, Trampın yanvar ayında Ağ Evdə keçirdiyi brifinqdə Qafqaz regionunu “Putinin ərazisi” adlandırması, Trampın Rusiyanın Ermənistandakı maraqlarını da nəzərə alacağı ehtimalını əsaslandırır.
Ancaq Ermənistan cəmiyyətinin müharibə qorxusu, Azərbaycan və Türkiyə faktoru, nəhayət, “real Ermənistan” yanaşması Paşinyanın qələbəsini təmin ehtimalını artırır.
Vüqar Dadaşov onu da səsləndirib ki, bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Ermənistanda sızdırdığı həmin məlumatlardan kənar, ehtiyat variantlarla sistemli müdaxiləyə hazırlaşır və Paşinyanın taleyi təkcə Ermənistanda deyil, həm də Moskva–Vaşinqton xəttindən keçir.
Vüqar Dadaşov
