Salyanda İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib

Salyan rayonunda gənclərin hüquqi biliklərinin artırılması və cəmiyyətdə hüquq mədəniyyətinin yüksəldilməsi məqsədilə növbəti genişmiqyaslı maarifləndirmə tədbiri təşkil olunub.

ELAZ.İNFO xəbər verir ki, 26 may 2026-cı il tarixində saat 10:30-da Sübhan Cəbrayılov adına Salyan rayon Peşə Liseyində “İnsan hüquqları müasir dünyamızda insanları və cəmiyyəti birləşdirən ən əsas meyardır” adlı tədbir baş tutub.

18 may – 18 iyun İnsan Hüquqları Aylığı çərçivəsində təşkil olunan toplantı Salyan Rayon İcra Hakimiyyəti, Salyan Rayon Məhkəməsi, DSMF-nin 2 saylı Şirvan-Salyan Regional filialının Salyan rayon şöbəsi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rayon üzrə gənclər və idman sektoru, eləcə də Rayon Peşə Liseyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Elşad Xəlilov insan hüquqlarının qorunmasının cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, bu cür maarifləndirici görüşlərin gənclərin hüquqi dünyagörüşünün formalaşmasına böyük töhfə verdiyini bildirib.

Daha sonra mövzu ətrafında Salyan RİH-in məsləhətçi psixoloqu Sevinc Səmədova, Rayon Məhkəməsinin böyük məsləhətçisi Hüseyn Rzayev, DSMF rayon şöbəsinin müdiri İxtiyar Nuriyev, tarixçi-tədqiqatçı Sahib Həsənov, “Ziyalılar Cəmiyyəti”nin sədri Əməkdar müəllim Allahverdi Piriyev və Gənclər və idman sektorunun baş məsləhətçisi Fariz Sadıqlı çıxış ediblər.

Natiqlər öz çıxışlarında insan hüquqlarının müdafiəsi mexanizmləri, gənclərin hüquqi maarifləndirilməsi yolları, cəmiyyətin tərəqqisində hüquqi savadlılığın rolu və milli-mənəvi dəyərlərin qorunması məsələlərinə xüsusi diqqət çəkiblər. Görüşün ikinci hissəsində tələbələrlə sual-cavab formatında maraqlı müzakirələr aparılıb. Gəncləri düşündürən hüquqi məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi həyata keçirilib və interaktiv formada keçən bu dialoq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın