“Son beş ildə ölkədə heyvanların sayında azalma müşahidə olunur”

Azərbaycanda kənd təsərrüfatının strateji sahələrindən olan heyvandarlıq sektorunda mövcud vəziyyət, məhsuldarlıq göstəriciləri və qarşıda duran hədəflər ciddi şəkildə təhlil edilib. Ekstensiv üsulların öz imkanlarını tükətdiyi bu sahədə artıq intensiv metodlara keçidin qaçılmaz olduğu vurğulanıb.

ELAZ.İNFO xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov məlumat verib. Nazir ölkənin heyvandarlıq sektorundakı real mənzərəni rəsmi rəqəmlər və təhlillərlə diqqətə çatdırıb. Müşavirədə qeyd olunan əsas məqamlar aşağıdakılardır:

Son beş ildə ölkədə heyvanların ümumi sayında azalma qeydə alınsa da, ət istehsalında və adambaşına düşən ət istehlakında artım var. Lakin artan yerli istehsal daxili tələbatı tam qarşılamadığı üçün son illərdə ət idxalı yüksəlib. Hazırda heyvandarlıqda ümumi məhsuldarlıq istənilən səviyyədən aşağıdır. Bunun ən böyük səbəblərindən biri sürüdə cins heyvanların payının cəmi 2,5% təşkil etməsidir ki, bu da məhsuldarlığın ciddi şəkildə artmasına mane olur. Bitkiçilikdə olduğu kimi, heyvandarlıq (həm süd, həm də ət istehsalı) sektorunda da ənənəvi ekstensiv təsərrüfatlar artıq öz inkişaf imkanlarını tamamilə tükədib.

Məcnun Məmmədov əlavə edib ki, son beş ildə qeydə alınan əsas aqrar artım məhz intensiv təsərrüfatların payına düşür. Bu cür müasir təsərrüfatların ölkədəki sayı hələ ki azdır və dövlətin əsas hədəfi onların sayının sürətlə artırılmasına nail olmaqdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın