İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi və aqrar sektorun bərpası istiqamətinde növbəti mühüm mərhələyə start verilir. Həmin ərazilərdə yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə dördüncü investisiya müsabiqəsi elan olunub və müraciətlərin (ərizələrin) qəbuluna başlanılıb.
ELAZ.İNFO xəbər verir ki, bu addım azad olunmuş bölgələrdə yerli istehsalın stimullaşdırılmasına və yeni iş yerlərinin yaradılmasına böyük təkan verəcək.
Torpaqların müsabiqə vasitəsilə sahibkarlara icarəyə verilməsi prosesi hüquqi normativlərə uyğun olaraq tənzimlənir. Qeyd olunan proses Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən sahibkarlıq subyektləri müəyyən olunmuş qaydada öz investisiya layihələrini və ərizələrini müvafiq icraçı qurumlara təqdim edə bilərlər. Bu müsabiqə azad edilmiş torpaqlarda müasir aqrar təsərrüfatların qurulmasında maraqlı olan investorlar üçün böyük perspektivlər vəd edir.
Ruslan MƏMMƏDOV
