Şimal-qərb bölgəsində təbii fəlakət: Şəki və ətraf rayonlara güclü sel düşüb

​Azərbaycanın şimal-qərb bölgəsində hava şəraitinin kəskin pisləşməsi ciddi fəsadlara yol açıb. Dağlıq ərazilərə yağan aramsız və güclü leysan yağışları nəticəsində Şəki rayonu da daxil olmaqla, bir çox dağlıq rayon və bölgələrdə güclü sel suları qeydə alınıb.

ELAZ.İNFO hadisə yerindən məlumat verir ki, dağlardan gələn sel suları çayların məcrasından çıxmasına, bəzi yaşayış məntəqələrində yolların, körpülərin və fərdi təsərrüfatların su altında qalmasına səbəb olub.

​Dağlıq rayonlardan gələn ilk məlumatlara görə, təbii fəlakətin yaratdığı vəziyyət, Sel suları dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən bəzi torpaq yolları yuyub, gediş-gəlişdə ciddi məhdudiyyətlər yaranıb. Güclü sel axınları fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə və əkin sahələrinə dolaraq sakinlərin şəxsi təsərrüfatlarına ziyan vurub. Bəzi dağlıq yaşayış məntəqələrində selin elektrik və qaz xətlərinə zərər yetirməsi səbəbindən enerji təchizatında müvəqqəti kəsintilər yaranıb.

​Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli qurumları və rayon icra hakimiyyətlərinin xüsusi texnikaları hadisə zonalarına cəlb olunub. Sel sularının istiqamətinin dəyişdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Sakinlərə dağlıq ərazilərdə, çay məcalarında və sel təhlükəsi olan zonalarda diqqətli olmaları, zərurət yaranmadıqca həmin istiqamətlərə hərəkət etməmələri tövsiyə olunur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın