Oleg Kononenko BKS-ə 6-cı missiya öncəsi ABŞ-dakı məşqlərindən görüntülər paylaşdı

Rusiya Qəhrəmanı, “Roskosmos”un kosmonavtlar dəstəsinin komandiri və Yuri Qaqarin adına Kosmonavt Hazırlığı Mərkəzinin rəhbəri Oleg Kononenko karyerasındakı altıncı orbital missiyaya hazırlıq çərçivəsində ABŞ-ın L. Conson adına Kosmik Mərkəzində növbəti məşqlərini keçirib.

ELAZ.İNFO xəbər verir ki, təcrübəli kosmonavt hazırlıq prosesindən xüsusi fotolar paylaşaraq təəssüratlarını bölüşüb. Kosmonavtın ABŞ-dakı məşq sessiyası iyun ayının əvvəlinə qədər davam edəcək.

Oleg Kononenko açıq kosmosa çıxış fəaliyyətlərinin sadəcə nəzəriyyəyə əsaslanmadığını və praktikanın həyati əhəmiyyət daşıdığını vurğulayıb: “Açıq kosmosa çıxışa hazırlaşarkən yalnız nəzəriyyəyə güvənmək olmaz. Kilidlərin necə bağlandığını görmək, onlara toxunmaq, mexanizmin gücünü hiss etmək – bir sözlə, Yerdən yüzlərlə kilometr yüksəklikdə qarşılaşacağımız hər bir avadanlıqla əllə işləməyi öyrənmək lazımdır. Bu, ekipaja böyük üstünlük qazandırır.” Kosmonavt paylaşılan fotoda kosmik gəzinti üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli trenajor zonasında (HETA) real uçuş avadanlıqlarının interfeysləri ilə işlədiyini qeyd edib. Onun sözlərinə görə, buradakı mühit kilidlərin səsindən tutmuş dəstəklərin hərəkətinə qədər tamamilə real kosmik şəraitə uyğunlaşdırılıb.

Məlumat üçün bildirək ki, həm Rusiyada, həm də ABŞ-da bu cür praktiki məşqlər kosmik uçuşlara hazırlığın məcburi hissəsidir. Oleg Konononkonun Beynəlxalq Kosmik Stansiyaya (BKS) növbəti – sayca 6-cı orbital missiyası 2027-ci ilin oktyabr ayına planlaşdırılır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın