Elm və texnologiya sahəsində mikroelektrotonikanın təhlükəsizliyini və effektivliyini artıracaq mühüm bir ixtiraya imza atılıb. Alimlər mikrosxemlərin konstruksiyasındakı zəif nöqtələri aşkar etməyə və onların bir-biri ilə tam uyğunluğunu təmin etməyə imkan verən xüsusi qurğu hazırlayıblar.
ELAZ.İNFO xəbər verir ki, bu barədə Tomsk Dövlət İdarəetmə Sistemləri və Radioelektronika Universitetinin (TUSUR) mətbuat xidməti məlumat yayıb. Universitetin mütəxəssisləri antenna sistemlərinin və mikrodalğalı (СВЧ) cihazların avtomatlaşdırılmış layihələndirilməsi, həmçinin elektromaqnit uyğunluğunun (EMC) təmin edilməsi üçün gələcək proqram təminatı elementləri üzərində işi uğurla başa vurublar. Yeni yaradılmış texnoloji həll real istismar şəraitində mikroelektrotonikanın etibarlılığını yoxlamaq üçün olduqca vacibdir:
Qurğu cihazlara daimi olaraq təsir göstərən elektromaqnit maneələri fonunda mikrosxemlərin daxili strukturundakı qüsurları və həssas yerləri öncədən müəyyən edir. Bu cihaz vasitəsilə aviasiya, kosmik sənaye, ağır istehsalat və müdafiə texnikası üçün rəqabətədavamlı, yüksək dözümlü yerli elektron avadanlıqların istehsalı təmin olunacaq.
TUSUR-un “Radioelektron vasitələrin təhlükəsizliyi və elektromaqnit uyğunluğu” elmi-tədqiqat laboratoriyasının rəhbəri Talqat Qazizovun sözlərinə görə, layihənin nəticələri gələcəkdə iki böyük avtomatlaşdırılmış layihələndirmə sisteminin (SAPR) yaradılmasına imkan verəcək. Layihənin əsas məqsədi universitetin bazasında həm aparat, həm də proqram təminatı sahəsindəki bütün elmi nailiyyətləri birləşdirən vahid mərkəzin qurulmasıdır.
Ruslan MƏMMƏDOV
