ABŞ-İran müharibəsi fonunda Vaşinqtonun İranın hərbi rəhbərliyi ilə gizli əlaqələr yaratmaq cəhdləri yeni müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı ELAZ.İNFO-ya danışan politoloq Asif Şəfəqqətov bildirib ki, ABŞ administrasiyasının İranın güc mərkəzləri ilə gizli əlaqə yaratmaq cəhdləri barədə yayılan məlumatlar diqqət çəkir.
Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası İran daxilində real təsir imkanlarına malik şəxslərlə birbaşa təmas yaratmağa çalışıb.
“Axios” nəşrinin avqustun 16-da yaydığı məlumata görə, ABŞ tərəfi İranın hərbi rəhbərliyi ilə gizli kanal yaratmaq üçün İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzaninin vasitəçiliyindən istifadə etməyə çalışıb. Nəşrin yazdığına görə, ABŞ-ın həmin dövrdə Milli Kəşfiyyat direktoru olan Tulsi Qabbard Bərzani ilə əlaqə saxlayaraq İran tərəfi ilə əlaqə qurulmasına yardım istəyib.
Asif Şəfəqqətov hesab edir ki, burada əsas diqqətçəkən məqam Vaşinqtonun İran daxilində qərarvermə prosesinə real təsir göstərən şəxslərlə təmas yaratmaq cəhdidir.
Politoloq bildirib ki, bəzi məlumatlara əsasən, ABŞ tərəfindən SEPAH komandanı Əhməd Vahidiyə böyük məbləğdə maliyyə təklifi edilməsi barədə də iddialar mövcuddur.
“Yayılan məlumatlarda Vahidiyə 1 milyard dollar həcmində vəsait təklif edildiyi iddia olunur. Bu məlumatın müstəqil şəkildə təsdiqlənməsinə ehtiyac var. Lakin belə bir təklifin həqiqətən edilməsi ABŞ-ın İran daxilində siyasi və hərbi parçalanma yaratmaq strategiyasının nə qədər ciddi olduğunu göstərərdi”, – deyə politoloq qeyd edib.
Şəfəqqətovun fikrincə, İranın hərbi-siyasi strukturunda yüksək vəzifə tutan şəxslərin mövqeyi Vaşinqton üçün xüsusi əhəmiyyət daşıyır.
“ABŞ anlayır ki, İranla bağlı məsələlərdə yalnız diplomatik kanallarla aparılan danışıqlar kifayət etmir. Ölkədə hərbi və təhlükəsizlik strukturlarının mövqeyi də son dərəcə vacibdir. Bu baxımdan SEPAH rəhbərliyi ilə birbaşa əlaqə yaratmaq cəhdi təsadüfi sayıla bilməz”, – politoloq vurğulayıb.
Onun sözlərinə görə, “Axios”un yaydığı məlumatda da ABŞ tərəfinin İranın hərbi rəhbərliyi ilə ayrıca kanal yaratmağa çalışdığı qeyd edilir. Bu isə Vaşinqtonun İran daxilində müxtəlif güc mərkəzləri ilə paralel işləmək istədiyini göstərir.
Politoloq əlavə edib ki, hazırda sosial şəbəkələrdə bu hadisə ilə bağlı daha geniş məlumatlar yayılır və onların bir hissəsində ABŞ-ın İran rəsmilərinə maliyyə təklifləri etdiyi iddia olunur.
“Burada informasiya ilə təsdiqlənmiş faktı bir-birindən ayırmaq lazımdır. ‘Axios’un məlumatında gizli əlaqə cəhdi barədə konkret məlumat var. Amma Vahidiyə 1 milyard dollar təklif edilməsi barədə iddia ayrıca və müstəqil mənbələrlə təsdiqlənməyib. Ona görə bu məlumatı hazırda yalnız iddia kimi qiymətləndirmək mümkündür”, – Asif Şəfəqqətov bildirib.
Politoloqun fikrincə, hadisənin ən mühüm tərəfi ABŞ-ın İran daxilində hərbi və siyasi elita arasında təsir imkanları əldə etməyə çalışması ilə bağlıdır.
“Əgər belə bir maliyyə təklifi həqiqətən olubsa və qəbul edilməyibsə, bu, İranın təhlükəsizlik strukturlarında loyallıq məsələsinin Vaşinqtonun hesablamalarından daha mürəkkəb olduğunu göstərər. Lakin bunun təsdiqi üçün əlavə etibarlı məlumatlara ehtiyac var”, – deyə o əlavə edib.
Qeyd edək ki, “Axios”un məlumatında ABŞ administrasiyasının İranın hərbi rəhbərliyi ilə gizli əlaqə yaratmaq cəhdi barədə məlumat verilir. Bununla yanaşı, mediada yayılan əlavə iddiaların hamısı müstəqil şəkildə təsdiqlənməyib.
İlahə BAYINDIR


