ABŞ və İran arasında uzun müddətdir davam edən gərginlikdə yeni və mühüm bir mərhələyə qədəm qoyulub. ABŞ Prezidenti Donald Tramp iki ölkənin yeni bir sazişin imzalanmasına hər gün daha da yaxınlaşdığını bəyan edib.
ELAZ.İNFO xəbər verir ki, Tramp bu barədə Amerikanın məşhur “CBS News” telekanalına verdiyi eksklüziv müsahibəsində danışıb. Ağ Ev rəhbəri saziş layihəsinin artıq tam hazır olduğunu və tərəflərin sənədi imzalamağa “çox yaxın” olduqlarını təsdiqləyib. Müsahibə zamanı telekanalın jurnalisti öz mənbələrinə istinadən müqavilənin bəzi bəndlərini səsləndirsə də, Prezident bu detalları rəsmən təsdiqləməkdən imtina edib. İddia olunan həmin şərtlər arasında aşağıdakı bəndlər yer alır: Hörmüz boğazının gəmilərin hərəkəti üçün tam açılması. İranın xarici banklarda dondurulmuş aktivlərinin sərbəst buraxılması. Danışıqların rəsmi müddətinin daha 30 gün uzadılması. Tramp bu şərtlərlə bağlı konkret açıqlama verməsə də, sənədin mətni üzərində işlərin uğurla davam etdiyini bildirərək, “Mətn hər ötən gün daha da yaxşılaşır” deyə vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti bir qədər əvvəl İranla müharibənin yenidən başlama ehtimalını və ya yeni sazişin imzalanma şansını 50-nin 50-yə qədər qiymətləndirmiş və mayın 24-də yekun qərarını açıqlayacağını bildirmişdi.
Ruslan MƏMMƏDOV
