Su və Meliorasiya İnstitutunda Almaniyanın “WILO” şirkəti ilə görüş keçirilib

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunda beynəlxalq əməkdaşlıq çərçivəsində növbəti işgüzar görüş baş tutub. İnstitutun İdarə Heyətinin sədri Elbrus Paşayev və qurum rəhbərliyinin iştirakı ilə Almaniyanın dünyaca məşhur “WILO” şirkətinin nümayəndə heyəti qəbul edilib. Görüş zamanı tərəflər arasında ikitərəfli əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

ELAZ.İNFO xəbər verir ki, 1872-ci ildə əsası qoyulan və hazırda qlobal miqyasda mühəndislik üzrə liderlərdən biri hesab olunan “WILO” şirkətinin nümayəndələri yerli mütəxəssislər üçün xüsusi təqdimat keçiriblər. Görüşün gedişatında alman brendinin ən son texnoloji məhsullarının su təchizatı və meliorasiya sahəsində tətbiqi məsələləri diqqət mərkəzində olub: “WILO” istilik, su təchizatı, soyutma, kondisioner, eləcə də çirkab su sistemləri üçün yüksək keyfiyyətli, enerjiyə maksimum qənaət edən nasoslar və kompleks nasos sistemləri istehsal edir. İnstitutun aidiyyəti bölmələrinin mühəndisləri üçün müxtəlif təyinatlı müasir nasos sistemlərinin imkanları nümayiş etdirilib, yerli mütəxəssisləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın