Hal-hazırda dünyada gedən proseslər, xüsusən də ABŞ–İran arasında hərbi-siyasi, diplomatik və informasiya müharibəsi fonunda, Cənubi Qafqaz, Azərbaycan üçün ən vacib Ermənistanda iyunda keçiriləcək parlament seçkiləri əhəmiyyətli təsirə malik nəticələr doğuracağı şübhəsizdir. Və indiki vəziyyətdə Rusiya faktorunu nəzərə almadan təhlil natamamdır. Baxmayaraq ki, Cənubi Qafqaz, Ermənistanda seçkilər regional miqyaslı hesab olunsa da, nəticə Rusiyanın qlobal gücü və Putin hakimiyyəti üçün həlledici mərhələ ola bilər. Hətta Rusiyanın Ukraynada apardığı müharibədən də daha ciddi siyasi nəticələr ortaya çıxara bilər.
ABŞ–İran müharibəsi Rusiyanın siyasi-iqtisadi vəziyyətinin yaxşılaşması və o cümlədən Çinə yeganə enerji təchizatçısı imkanları onun beynəlxalq siyasi arenada ciddi aktor kimi bərpasını təmin edə bilməz. İranın da zəifləməsi fonunda Rusiya Cənubi Qafqazda daha da güclənə bilər. Ancaq Tramp hakimiyyətindən fərqli olaraq, Avropa Rusiyanın Cənubi Qafqaz siyasətindən uzaqlaşdırılmasını prioritet görür.
Danılmaz faktdır ki, 2022-ci ildən Rusiyanın Ukraynaya qarşı başladığı təcavüz müharibəsində Ukrayna təşəbbüsü ələ alıb və faktiki müharibəni Rusiya ərazisinə keçirib. Ukrayna indi təkcə öz müdafiəsini təşkil etmir, həm də xarici ölkələrin təhlükəsizliyinin təmin olunmasında ciddi hərbi tərəfdaşa çevrilib. Onun hərbi sənayesi, müasir texnologiya sahəsində Rusiyanı xeyli qabaqlayır və proseslərin bu istiqamətdə inkişafı, əlbəttə ki, müəyyən müddətdən sonra Ukraynanın öz torpaqlarını tam azad etməsinə imkan yaradır. Müharibənin ilk dövründə Ukrayna Prezidenti Vladimir Zelenskyyni müxtəlif formalarda aşağılayan Rusiya siyasi elitası, o cümlədən Vladimir Putin artıq ona “cənab Prezident” deyə müraciət edir. Onu qeyri-legitim adlandıran Putin, bu gün onunla üçüncü ölkələrdə görüşməyə və məsələləri müzakirə etməyə hazır olduğunu bildirir. Yəni hazırkı Putin Ukrayna cəbhəsində daxili hakimiyyətini sarsıdacaq hərbi, nüfuz məğlubiyyəti ilə üzləşib.
Ancaq, Rusiya Ukraynada məğlub olsa belə, mövcudluğunu davam etdirə bilər, amma Ermənistanı itirsə, Rusiyanın imperiya modelinin ideoloji bazası və psixoloji-siyasi mərkəzinin özü çökə bilər. Ona görə ki, Ukrayna Rusiyanın xarici müharibəsi, Ermənistan isə Rusiyanın “tarixi nüfuz zonası” kimi daxili “dövləti” sayılır. SSRİ-dən sonra Rusiya böyük dövlət statusunu əsasən hərbi güc, hansı ki, artıq dağılmaqdadır, təbii ehtiyatlar və postsovet məkanına nəzarət mexanizmi ilə qoruyur.
Buna görə də Rusiya və Putin hakimiyyəti öz nüfuzunu və siyasi çəkisini qoruyub saxlamaq üçün ilk növbədə Ermənistanda keçiriləcək parlament seçkilərinə xüsusi önəm verir. Bu seçkilər Putinin və onun mümkün varisinin gələcək siyasi taleyini müəyyən edə biləcək mühüm prosesə çevrilib.
Sözsüz ki, bu gün Rusiya Ermənistanda revanşist və rusiyayönlü qüvvələrin hakimiyyətə gəlməsi üçün bütün imkanlarını səfərbər edir. Əgər bu ssenari baş tutmasa, əlbəttə ki, Moskva hərbi-siyasi müdaxilə və hakimiyyət dəyişikliyi variantına da əl ata bilər. Ancaq bu variantın istisna olmadığına baxmayaraq, seçkiöncəsi vəziyyət və ictimai rəy sorğuları göstərir ki, Ermənistanın Baş naziri Nikol Pashinyanın növbəti dəfə qalib gəlmək ehtimalı kifayət qədər yüksəkdir.
Bu baxımdan, 2020-ci və 2023-cü ildən sonra Rusiya Cənubi Qafqazda, indi isə iyunda Ermənistanda keçiriləcək parlament seçkiləri Ukrayna cəbhəsində strateji nüfuz itkisi yaşayan Putinin hakimiyyətdən getməsi, siyasi sistem dəyişikliyi üçün ciddi təsir faktoruna çevrilə bilər.
Ona görə də Ermənistanda keçiriləcək parlament seçkiləri nəinki Cənubi Qafqazda sabitlik, ümumiyyətlə, Rusiyanın daxili siyasi vəziyyəti və Ukrayna cəbhəsinin gələcək taleyi baxımından da olduqca vacib və narahatedici proses olaraq qalır. Hansı ki, regionda yeni gərginlik ocaqlarının yaranması ilə də nəticələnə bilər.
Vüqar Dadaşov
