Son illərdə şəhər nəqliyyatının əvəzolunmaz hissəsinə çevrilən elektrikli skuterlər, seqveylər və digər fərdi hərəkət vasitələrinin istifadəsi qaydalarına dövlət səviyyəsində nəzarət gücləndirilir. Təhlükəsizlik qaydalarının pozulması və qəza hallarının artması rəsmi qurumları bu sahədə vahid hüquqi baza yaratmağa sövq edib.
ELAZ.İNFO xəbər verir ki, Rusiyada fərdi hərəkət vasitələri (SİM – средства индивидуальной мобильности) üçün xüsusi dövlət standartının (QOST) hazırlanması planlaşdırılır. Yol hərəkəti təhlükəsizliyinin artırılmasına dair rəsmi tədbirlər planına əsasən, bu dövlətlərarası standartın 2027-ci ilə qədər tam hazır olması nəzərdə tutulur.
Rəsmi sənəddə qeyd olunur ki, yeni hazırlanan standart fərdi hərəkət vasitələrinin istehsalı və istismarını kökündən dəyişəcək. Bura əsasən aşağıdakı bəndlər daxil ediləcək: Skuter və bənzər nəqliyyat vasitələrinin texniki göstəricilərinə görə dəqiq təsnifatı; İstehsal prosesi üçün vahid texniki tələblər; Şəhər infrastrukturunda təhlükəsiz istismar şərtləri və qaydaları.
Bu genişmiqyaslı məsələ ilə Rusiyanın bir neçə mühüm dövlət strukturu eyni vaxtda məşğul olacaq. Layihənin icrası “Rosstandart”, Sənaye və Ticarət Nazirliyi (Minpromtorq), Daxili İşlər Nazirliyi (DİN), Nəqliyyat Nazirliyi və “NAMİ” Dövlət Elmi Mərkəzinin birgə iştirakı ilə həyata keçiriləcək. Bundan əlavə, aidiyyəti nazirliklər 2027-ci ilə qədər bu növ fərdi hərəkət vasitələrinin hüquqi statusunu və onlardan istifadə qaydalarını qanunvericilik səviyyəsində tam təsbit etmək üçün qanun layihələri üzərində işləyəcəklər.
Ruslan MƏMMƏDOV
