Paşinyandan Rusiya qazı ilə bağlı bəyanat: “Strateji razılaşmamız var, qiymət dəyişə bilməz”

Ermənistan ilə Rusiya arasında enerji sahəsində gərgin müzakirələrə səbəb olan qaz qiymətləri məsələsinə rəsmi İrəvandan növbəti reaksiya gəlib. Ölkədə mavi yanacağın bahalaşacağına dair yayılan iddialar fonunda hökumət başçısı Moskva ilə mövcud müqavilənin şərtlərinə sadiq qaldıqlarını bildirib.

ELAZ.İNFO xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya qazının qiyməti ilə bağlı Moskva ilə aydın və dəyişməz bir strateji razılaşmanın olduğunu bəyan edib. Baş nazir keçirdiyi brifinqdə Rusiya ilə imzalanan qaz müqaviləsini hər iki tərəf üçün faydalı adlandırıb. Mavi yanacağın qiymətinin qaldırılacağı ilə bağlı narahatlıqlara münasibət bildirin Paşinyan, mövcud hüquqi sənədlərin qüvvədə olduğunu xatırladıb:

Qazın bahalaşması məsələsinə gəlincə — belə bir şey ola bilməz, çünki bizim müqaviləmiz var. Bu müqavilə qüvvədədir və qarşılıqlı faydalıdır. Həmin sənəddə konkret şərtlər var və qazın qiyməti hissəsində biz aydın strateji razılaşmalara gəlmişik. Bu razılaşmalara mütləq əməl olunmalıdır”, — deyə Ermənistanın hökumət başçısı vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Nikol Paşinyanla keçirdiyi görüşdə Ermənistan üçün müəyyən edilən qaz qiymətlərinin Avropadakı cari qiymətlərdən xeyli ucuz olduğunu diqqətə çatdırmışdı. Rusiya liderinin sözlərinə görə, Avropada qazın qiyməti hər 1 000 kubmetr üçün 600 dolları keçdiyi halda, Rusiya Ermənistana qazın hər 1 000 kubmetrini 177,5 dollara satır.

Ermənistan rəhbərliyi qazın mümkün bahalaşması ssenarisinə qarşı fərqli siyasi və iqtisadi gedişlər edir: Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, əgər qazın qiyməti qaldırılarsa, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və digər bütün rəsmi strukturlardan çıxacaq. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan isə qazın bahalaşacağı ehtimalına qarşı respublikada artıq xüsusi qoruyucu mexanizmlərin hazırlandığını vurğulayıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın